Dekabrın 27-də (Aşura günü) İranın paytaxtı Tehranda polis və mitinq iştirakçıları arasında baş vermiş qarşıdurma zamanı Dubay televiziyasının suriyalı jurnalisti Rza əl-Başa itkin düşüb. Bu barədə Trend İranın "TABNAK" xəbər saytına istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, İranın Mədəniyyət Nazirliyinin Mətbuat və Xarici KİV-lərə Nəzarət İdarəsinin, polisin və digər rəsmi qurumların axtarışları nəticə verməyib və araşdırmalar davam edir.
Məlumatda deyilir ki, əL-Başa ötən İrana qarşıdurmalar barədə xəbər hazırlamaq üçün deyil, nə baş verdiyini görmək üçün gəlib.
Aşura günü Tehranda müxalifət tərəfdaşları ilə polis arasında qarşıdurma baş verib. Beynəlxalq informasiya agentliyinin məlumatına görə, 15 nəfər müxalifətin yaratdığı qarışıqlığın qurbanı olub və təxminən 300 nəfər həbs edilib. Fars agentliyinin məlumatına görə, qarşıdurma zamanı İranın müxalifət lideri Mir Hüseyn Musəvinın bacısı oğlu da ölüb.