İranın Qum dini-elmi seminariyasının araşdırmalar və müəllimlər assosiasiyasının rəhbəri Hüseyn Musəvi Təbrizi və bir neçə assosiasiya üzvü ötən gecə Qum şəhərində həbs olunub. Bu barədə İranın hökumətə yaxın bornanews xəbər saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, İslahatçılar düşərgəsinə yaxın olan həmin assosiasiyanın üzvləri Qum şəhərində İranın ali lideri ayətullah Əli Xamneyinin ofisinin qarşısında mitinq keçirmək niyyətində olublar və buna görə də həbs ediliblər.
İranın müxalifətə yaxın bəzi KİV-lərinin məlumatına əsasən, siyasi məhbuslar müdafiə komitəsinin sabiq rəhbəri İmadəddin Baqi də həbs olunub. Baqinin həyat yoldaşı onun həbs edildiyini təsdiqləyib və hazırda onun harada saxlandığı barədə məlumatı olmadığını bildirib.