...

Musəvinin bacısı oğlunun cəsədi oğurlanmayıb, ekspertizadadır - Tehran şəhər prokuroru

Dünya xəbərləri Materials 29 Dekabr 2009 13:25 (UTC +04:00)
Tehran şəhər prokroru Abbas Cəfəri Dövlətabadi İranda sabiq prezidentliyə namizəd Mir Hüseyn Musəvinin ölən bacısı oğlunun cəsədinin oğurlanması barədə yayılan məlumatlara münasibət bildirərək deyib ki, Musəvinin bacısı oğlunun cəsədi oğurlanmayıb, hazırda ekspertizadadır və qanuni proseduru keçdikdən sonra ailəsinə təhvil veriləcək.
Musəvinin bacısı oğlunun cəsədi oğurlanmayıb, ekspertizadadır - Tehran şəhər prokuroru

Tehran şəhər prokuroru Abbas Cəfəri Dövlətabadi İranda sabiq prezidentliyə namizəd Mir Hüseyn Musəvinin ölən bacısı oğlunun cəsədinin oğurlanması barədə yayılan məlumatlara münasibət bildirərək deyib ki, Musəvinin bacısı oğlunun cəsədi oğurlanmayıb, hazırda ekspertizadadır və qanuni proseduru keçdikdən sonra ailəsinə təhvil veriləcək. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat yayıb.

"Təəccüb edirəm ki, siz jurnalistlər belə informasiyaları haradan çıxarırsınız. Siz bir daha xəbər mənbələriniz barədə fikirləşməli və düzgün xəbərlər yayımlamalısınız", - Dövlətabadi deyib.

İran Parlamentinin İslahatçılar fraksiyasının rəsmi xəbər saytı parlemannews.ir ötən gün xəbər yaymışdı ki, İranda sabiq prezidentliyə namizəd Mir Hüseyn Musəvinin ölən bacısı oğlunun qardaşı Rza Musəvi qardaşının cəsədinin İbn Sina xəstəxanasındakı meyitxanadan aparıldığını deyib. "Biz onu hər yerdə axtarırıq, heç kim cəsədin itməsi ilə bağlı məsuliyyəti üzərinə götürmür", - o deyib.

Dövlətabadi əlavə edib ki, Aşura günü Tehranda baş verən iğtişaşlar zamanı 7 nəfər həlak olub. "Aşura günü baş verən iğtişaşlarda 7 nəfər həlak olub ki, onlardan bir nəfər güllə ilə öldürülüb. Tehran polisi həmin gün güllə atmadığını deyib, biz hadisəni araşdırırıq", - Dövlətabadi deyib.

O əlavə edib ki, həmin iğtişaşlarda digər ölənlərə gəldikdə isə onların əksəriyyəti ağır əşyalardan zərbə aldıqlarına görə həlak olublar, iki nəfər isə seçmə güllələrdən həlak olub. "Həmin gün ölənlərin işi hazırda araşdırılır və ümid edirəm ki, hadisəni törədənlər öz cəzalarına çatacaqlar", - Dövlətabadi deyib.

Dekabrın 27-də Tehranda Aşura günü müxalifət tərəfdaşları ilə polis arasında qarşıdurma baş verib. İran polisinin rəsmi xəbər saytında yayılan məlumatda bildirilir ki, 8 nəfər həlak olub, onlardan 7-si kişi, biri isə qadındır. Onların adları da açıqlanıb. Ötən gün İran polisinin rəis müavini general Əhmədrza Radan Aşura günü baş verən hadisələrdə 300 nəfərin həbs olduğunu deyib. Beynəlxalq informasiya agentliyinin məlumatına görə, ölənlərin sayı 15-dir, təxminən 550 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti