İran islam xalqlarında ləyaqət və qəhrəmanlıq ruhunu oyatmaq niyyətindədir. Bunu İranın ali lideri ayətullah Əli Xamneyi İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) "Camaran" mina tral gəmisinin təqdimat mərasimində deyib. Məlumatı İranın İLNA xəbər agentliyi yayıb.
HDQ komandirlərinin və tral gəmisinin istehsalında iştirak etmiş mütəxəssislərin iştirakı ilə ayətullah Xamneyi esminesi "yalnız Allahın köməyinə inam və ümid sayəsində mümkün olan əhəmiyyətli nailiyyət" adlandırıb.
"İnsanın bəzi istəkləri əvvəlcə əlçatmaz arzu hesab edilir, lakin inam və ümid mümkün olmayanları reallığa çevirir. Buna görə də mən inanıram ki, bu sahədə sonrakı bütün uğurlar daha da əhəmiyyətli olacaq", - o deyib.
O, həmçinin qeyd edib ki, ABŞ Prezidenti Barak Obama və Amerikanın digər yüksəkvəzifəli məmurlarının son çıxışları onların əsəbiləşdiyini və İran xalqı qarşısında gücsüzlüklərini dərk etdiyini göstərir.
"Onlar İranda nüvə silahının istehsal edildiyini daim təkrar edirlər ki, bu da İran xalqının düşmənlərinin təbliğat və reklam sahəsində də gücsüz olduğunu göstərir", - ali lider deyib.
O əlavə edib ki, ABŞ və bəzi Qərb ölkələri İranı, onun nüvə silahının qonşu ölkələrə təhlükə yaratmasına görə "günahlandırırlar", lakin bütün bu iddialar yalandır.
"ABŞ və sionist rejimi İslam dövlətləri arasında ixtilaf salaraq diqqəti özlərindən - müsəlman xalqlarının əsas düşmənlərindən yayındırmaq istəyirlər", - o deyib.
Eskadra mina gəmisinin (esmines) təqdimat mərasimi Fars körfəzində keçirilib.