"Cundullah" lideri həbs olunmamışdan bir gün əvvəl Əfqanıstandakı ABŞ hərbi bazasında olub - İranın kəşfiyyat naziri

Dünya xəbərləri Materials 23 Fevral 2010 16:18 (UTC +04:00)

"Cundullah" ("Allahın döyüşçüləri") terror qruplaşmasının lideri Əbdülmalik Reygi həbs olunmamışdan bir gün əvvəl Əfqanıstandakı ABŞ hərbi bazasında olub. Bu barədə çərşənbə axşamı FARS xəbər agentliyi İranın kəşfiyyat naziri Heydər Musləhinin bəyanatına istinadən məlumat verib.

"Bizdə Reyginin həbs olunmamışdan bir gün əvvəl ABŞ hərbi bazasında olmasını təsdiq edən şəkillər var", - o bildirib.

O həmçinin əlavə edib ki, ABŞ Reygiyə Pakistanda azad hərəkət etməsi üçün Əfqanıstan pasportu və şəxsiyyəti təsdiq edən sənəd verib.

"Həmçinin Reyginin 2008-ci ilin aprelində Əfqanıstanda NATO komandiri ilə görüşü barədə məlumatımız var", - Musləhi deyib.

O qeyd edib ki, Reyginin həbs edilməsi ilə əlaqədar bütün təfsilatlar sonra elan ediləcək.

Musləhi bildirib ki, İran Reyginin ABŞ, Böyük Britaniya və digər Qərb ölkələri ilə əməkdaşlığını sübut edən həqiqi sənədlərə malikdir.

"Bu sənədlər bizə Reygini həbs etməyə kömək edib", - o əlavə edib.

İran hökuməti "Cundullah"ı kütləvi qətl törətməkdə, silahlı soyğun, oğurluq, partlayışlar və təxribatlarda ittiham edir.

Reyginin rəhbərlik etdiyi "Cundullah" qruplaşması İranın cənub şərqində fəaliyyət göstərir və İslamın sünni təriqətinə aiddir. Hərəkat partlayışlar təşkil edib ki, bunun nəticəsində də polislər və hərbi qulluqçular həlak olub.

2009-cu ilin oktyabr ayında İranın cənub-şərqində törədilən və 50 nəfərin həlak olmasına səbəb olan sonuncu irimiqyaslı terror aktını "Cundullah" öz üzərinə götürüb.

Xəbər lenti

Xəbər lenti