...

Özbəkistan hökumətində yeni təyinatlar həyata keçirilib

Dünya xəbərləri Materials 2 Mart 2010 11:39 (UTC +04:00)
Özbəkistan Prezidenti İslam Kərimov bazar ertəsi hökumətdə yeni təyinatlara dair fərman qəbul edib. Dövlət başçısının fərmanı ilə yeni ali və orta ixtisas təhsili naziri, Dövlət Əmlak Komitəsinin və Dövlət Anti-inhisar Komitəsinin rəhbərləri təsdiqlənib.
Özbəkistan hökumətində yeni təyinatlar həyata keçirilib

Özbəkistan, Daşkənd, 2 mart / Trend , müxbir D.Əzizov/

Özbəkistan Prezidenti İslam Kərimov bazar ertəsi hökumətdə yeni təyinatlara dair fərman qəbul edib. Dövlət başçısının fərmanı ilə yeni ali və orta ixtisas təhsili naziri, Dövlət Əmlak Komitəsinin və Dövlət Anti-inhisar Komitəsinin rəhbərləri təsdiqlənib.

Fərmanlar respublikanın rəsmi KİV-də dərc olunub.

Daşkənd Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Bahadır Hadıyev ali və orta ixtisas təhsili naziri təyin edilib. 2008-ci ilin yanvarından bu ilin fevralına kimi həmin postu Əzimcan Parpiyev tutub.

Cahangir İsmayılov Dövlət İnhisarsızlaşdırma və Rəqabətin İnkişafı Komitəsinin sədri təsdiqlənib. Bundan əvvəl o, "Özbəkneftqaz" İdarə Heyətinin sədri olub. 2006-cı ilin iyunundan Dövlət Anti-inhisar Komitəsinə Bəymurad Ulaşov rəhbərlik edib.

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Əziz Əbdülhəkimov bu qurumun sədrinin səlahiyyətlərinin icraçısı olub. 2006-cı ilin aprelindən Dövlət Əmlak Komitəsinə rəhbərlik edən Dilşad Musayev ötən ilin noyabrında Nazirlər Kabineti İcra Aparatının işlər müdiri təyin edilib.

Hazırda Geologiya və Mineral Ehtiyatlar üzrə Dövlət Komitəsinin sədri, xalq təhsili naziri postları vakant qalır.

Xəbər lenti

Xəbər lenti