...

Yaponiya İrana 20 faiz zənginləşdirilmiş uranın satışı ilə bağlı yeni təkliflər verib - İran Parlamentinin deputatı

Dünya xəbərləri Materials 2 Mart 2010 11:08 (UTC +04:00)
İran Parlamentinin Xarici Siyasət və Təhlükəsizlik Komissiyasının üzvü xanım Zöhrə İlahiyan bildirib ki, Yaponiya İrana 20 faiz zənginləşdirilmiş uranın satışı ilə bağlı yeni təkliflər verib. Bu barədə İLNA xəbər agentliyi məlumat yayıb.
Yaponiya İrana 20 faiz zənginləşdirilmiş uranın satışı ilə bağlı yeni təkliflər verib - İran Parlamentinin deputatı

İran Parlamentinin Xarici Siyasət və Təhlükəsizlik Komissiyasının üzvü xanım Zöhrə İlahiyan bildirib ki, Yaponiya İrana 20 faiz zənginləşdirilmiş uranın satışı ilə bağlı yeni təkliflər verib. Bu barədə İLNA xəbər agentliyi məlumat yayıb.

İran Parlamentinin spikeri Əli Laricanini Yaponiya səfərində müşayiət edən xanım İlahiyan deyib ki, Yaponiya İranın nüvə proqramı ilə bağlı vasitəçilik etmək niyyətini bildirdi və təklif etdi ki, zənginləşdirilmiş uranı İrana satsın və Laricani ilə görüşdə bu məsələ müzakirə olundu.

Xanım İlahiyan əlavə edib ki, Laricani Yaponiyanın təklifini alqışlayıb və Yaponiyanın nüvə təşkilatının rəhbərlərini və parlamentinin nümayəndələrini İranda nüvə obyektləri ilə tanış olmaq üçün ölkəyə dəvət edib.

İlahiyan deyib ki, İran Parlamentinin spikerinin Yaponiya rəsmiləri ilə görüşlərdə həmçinin Yapon mütəxəssislərinin İranda bir neçə nüvə stansiyası tikmək təklifi də irəli sürüldü.

İran Parlamentinin spikeri fevralın 22-də Yaponiyaya dördgünlük səfər etmişdi.

Bundan əvvəl 2009-cu ilin dekabrında MAQATE təklif etmişdi ki, İran "Tehran nüvə reaktorunun" yanacağının təmini üçün 1200 kq 3.5 faizlik uranı Rusiyaya təhvil verib Fransadan 20 faizlik uran təhvil alsın. İran hələlik bu məsələyə qəti cavab verməyib.

Qərb tələb edir ki, İran "Tehran" nüvə laboratoriyası reaktorunun yanacağının təmin edilməsi üçün Rusiyaya 1200 kq 3,5 faizlik zənginləşdirilmiş uran verməklə, 20 faizlik zənginləşdirilmiş uran təhvil alsın.

"Tehran" laboratoriyasında reaktor 40 il bundan əvvəl ABŞ tərəfindən tikilib və əsas funksiyası dərmanların istehsalı ilə məşğul olmaqdır. Sonuncu dəfə 1993-cü ildə İran Argentinadan 30 kq 19,75 faiz zənginləşdirilmiş uran almaqla, bu reaktoru yanacaqla təmin edib.

İran fevralın 9-dan uranı 20 faiz zənginləşdirməyə başlayıb. İranın Atom Enerjisi Təşkilatı rəhbəri Əli Əkbər Salehi bidirib ki, İran ayda 3-3,5 kq 20 faizlik uran istehsal etmək qabiliyyətindədir. Əhmədinejad fevralın 11-də Tehranda çıxışı zamanı bildirib ki, 20 faizlik uranın birinci partiyası artıq istehsal edilib və istehsal həcmi yaxın gələcəkdə 3 dəfə artacaq.

ABŞ və Qərb İranı nüvə silahı yaratmaq niyyətində olmaqda ittiham edib. İran isə uranın zənginləşdirilməsini nüvə elektrik stansiyalarının yanacağının təmini üçün olduğunu bildirib. BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramını dayandırması üçün indiyədək 5 qətnamə qəbul edib. Qətnamələrin 3-də İrana qarşı iqtisadi sanksiyalar tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti