...

Türkiyənin Baş naziri İrana səfər edəcək

Dünya xəbərləri Materials 5 May 2010 15:05 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan gələn həftə İran Prezidenti Mahmud Əhmədinejadla zənginləşdirilmiş İran uranının nüvə yanacağı ilə mübadiləsi məsələsini müzakirə etmək üçün İrana səfər edəcək, - bu barədə türk qəzet saytı "Zaman" xəbər verir.
Türkiyənin Baş naziri İrana səfər edəcək

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan gələn həftə İran Prezidenti Mahmud Əhmədinejadla zənginləşdirilmiş İran uranının nüvə yanacağı ilə mübadiləsi məsələsini müzakirə etmək üçün İrana səfər edəcək, - bu barədə türk qəzet saytı "Zaman" xəbər verir.

Bazar ertəsi Nyu-Yorkda nüvə silahının yayılmaması haqqında müqaviləyə ( NSYM) yenidən baxılması məqsədilə başlayan konfransda iştirak edən İran Prezidenti bildirib ki, Braziliyanın zənginləşdirilmiş uranın nüvə yanacağı ilə mübadiləsi barədə təklifini qəbul etməyə hazırdır. Bu barədə İran KİV məlumat verib.

Əhmədinejad bildirib ki, növbəti həftə Braziliya Prezidenti Luis İnasiu Lula da Silva və Türkiyə Baş nazirinin Tehrana səfəri zamanı müqaviləni təfərrüatı ilə müzakirə edəcək.

"Mən ümid edirəm, İran mübadilə məsələsində öz səmimiliyini bütün ölkələrə sübut edəcək. Bizim ünvanımıza olan bütün ittihamlar əsassız və ədalətsizdir. Öz nüvə yanacağımız yoxdur və əslində, bu bizə lazım deyil, lakin xoşməramlı niyyətimizi nümayiş etdirmək üçün mübadiləyə razıyıq və bunu qəbul etməyə hazır olduğumuzu bəyan etmişik", - deyə İran Prezidenti bildirib.

Əhmədinejad bəyan edib ki, İran Rusiya və Fransada hasil olunmuş zənginləşdirilmiş uranın nüvə yanacağı ilə mübadiləsi barədə MAQATE-nin təkliflərinə onun hərbi məqsədlərlə istifadə olunmaması şərti ilə razıdır.

İrana Tehrandakı tədqiqat reaktoruna tibbi məqsədlərə görə istifadə olunmaq üçün 120 kiloqrama yaxın 19,75 faizədək zənginləşdirilmiş uran lazımdır. Ötən il oktyabrın sonlarında Beynəlxalq Atom Enerjisi Agentliyi islam respublikasına Rusiyada zənginləşdirilən və sonradan Fransada nüvə yanacağının hazırlanacağı 1,2 tonadək 3,5 faizlik az zənginləşdirilmiş uran təklif edib. Lakin Tehran bəyan edib ki, yalnız İranın öz ərazisində olmaqla sinxron mübadiləyə razıdır.

Tehrandakı tədqiqat reaktoru 40 il əvvəl ABŞ-ın yardımı ilə inşa edilib və onun əsas funksiyası dərman preparatlarının istehsalından ibarətdir. Sonuncu dəfə İran bu reaktoru yanacaqla təmin etmək üçün 1993-cü ildə Argentinadan 19,75 faizədək zənginləşdirilmiş uran alıb.

ABŞ və bir sıra Qərb ölkələri İranı dinc atom proqramı altında nüvə silahı hazırlamaqda günahlandırırlar. Tehran bütün ittihamları rədd edir və onun nüvə proqramının ölkənin elektrik enerjisinə olan tələbatının sırf ödənilməsinə yönəldiyini bəyan edir.

Xəbər lenti

Xəbər lenti