...

İranın uran mübadiləsi və qaranlıq məqamlar - Trend News-un icmalçısı

Dünya xəbərləri Materials 18 May 2010 09:00 (UTC +04:00)
Baxmayaraq ki İran və Türkiyə arasında 1 200 kiloqram az zənginləşdirilmiş uranın Türkiyə ərazisində mübadiləsi haqda saziş imzalanıb, İranın nüvə proqramı ilə bağlı problemlərin həllinə yaranmış yeni ümidlərlə yanaşı, qaranlıq məqamlar da ortada mövcuddur.
İranın uran mübadiləsi və qaranlıq məqamlar - Trend News-un icmalçısı

Trend News-un Fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu

Baxmayaraq ki, İranTürkiyə arasında 1 200 kiloqram az zənginləşdirilmiş uranın Türkiyə ərazisində mübadiləsi haqda saziş imzalanıb, İranın nüvə proqramı ilə bağlı problemlərin həllinə yaranmış yeni ümidlərlə yanaşı, qaranlıq məqamlar da ortada mövcuddur.

Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan cümə günü Yunanıstana səfərində bildirmişdi ki, İrana səfərini ləğv edib. Ərdoğan, səbəb kimi, İranın uran yanacağı ilə bağlı "konstruktiv" mövqe tutmamasını bildirmişdi. Lakin bu bəyanatdan iki gün sonra, dərhal Azərbaycana səfərini ləğv edərək Tehrana gedib. Mayın 17-də Braziliya Prezidenti Lula Da Silva, İran Prezidenti Mahmud Əhmədinejad və Ərdoğan nüvə yanacağının mübadiləsi ilə bağlı saziş imzalayıblar.

Əlbəttə ki, bu addım İran və beynəlxalq ictimaiyyət arasında olan bədbinlikləri müəyyən dərəcədə azaldacaq və digər tərəfdən, uran mübadiləsinin həyata keçirilməsi rəsmi Tehranın nüvə proqramı ilə bağlı Qərb ilə müzakirələrinə start verməyə bəhanə ola bilər. Lakin İranın nüvə proqramında olan qaranlıq məqamlar olduğu kimi qalacaq. O cümlədən, İranın bundan əvvəl nüvə silahı istehsalı ilə bağlı sınaqları, uranın zənginləşdirilməsini davamı və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nüvəsizləşdirmə (NPT) konvensiyasının "Əlavə olunmuş protokol"-na üzvolma məsələsi əsas problemlər kimi hələ də aktualdır.

Rəsmi Tehranın bir gün ərzində tutduğu mövqeyi dəyişib, uran mübadiləsinə razılıq bildirməsi göstərir ki, bu tələsik qərar ölkə daxilində hərtərəfli müzakirə olunmayıb və gələcəkdə, müəyyən radikal cinahların etirazı ilə ləğvolunma ehtimalı var. Məsələn, hazırda İrana qarşı BMT Təhlükəsizlik Şurasının daimi üzvləri yeni sanksiyaları müzakirə edirlər və həmin müzakirələrin davamı İranı tutduğu qərardan geri çəkdirə bilər.

2009-cu ilin oktyabr ayında BAEA-nın sabiq baş katibi Məhəmməd Əl-Bəradeinin təşəbbüsü ilə İranın 1 200 kq zəif zənginləşdirilmiş uranı ölkədən çıxarılıb, xaricdə 20 faizədək zəndinləşdirilərək boru yanacaqlarına çevrilib, İrana təhvil verilməli idi. Bu yanacaq Tehranın 1960-cı ildə ABŞ tərəfindən tikilmiş nüvə laboratoriyası obyektinin yanacağını təmin etməli idi.

Bu laboratoriyada radio-dərmanlar istehsal olunur.

Qərb Əl-Bəradeinin təşəbbüsünü dəstəkləsə də, İran "Qərbə güvənmədiyi və aldadılma ehtimalı"nı səbəb kimi göstərərək, uran mübadiləsindən imtina etmişdi. 2009-cu ilin oktyabrında İranın 3,5 faizlik uran ehtiyatı 1 500 kq idi, hansı ki bu ehtiyatdan 1 200 kq.-nın  xaricə göndərilməsi, Tehranın uran ehtiyatının 70 faizinin ölkədən çıxarılması demək idi. İran 1 500 kq zəif uranı 90 faizdən artıq zənginləşdirməklə, 1-2 nüvə silahı istehsal edə bilərdi. Əsas qaranlıq məqam budur ki, hazırda İran gündə 2 kq 3,5 faizlik uran zənginləşdirməklə, 2 100 kq zəif zənginləşdirilmiş urana malikdir və bu ehtiyatın 1 200 kq.-ı xaricə göndərsə də, nüvə silahı istehsalının istehsalı üçün lazim olan müəyyən həcmdə urana yenə də malikdir.

Digər tərəfdən, 2010-cu ilin başlanışından etibarən, İran Tehran laboratoriyasının yanacağını daxildə istehsal etmək niyyəti ilə 100 kq 3,5 faiz uran ehtiyatını 20 faizədək zənginləşdirib və hazırda 10 kq 20 faizlik uran qazına malikdir. İran - Türkiyə - Braziliya arasında imzalanmış sazişdə 1 200 kq 3,5 faiz zənginləşdirilmiş uranın Türkiyəyə göndərilməsi qeyd olunsa da, İranın əlində olan 20 faizlik uran qazının taleyinə aydınlıq gətirilməyib; hətta İran rəsmən elan etməyib ki, ölkə daxilində uranı 20 faizədək zənginləşrirməni dayandıracaq. Digər tərəfdən, sazişnamə ilə yanaşı, Ərdoğan, Silviya və Əhmədinejadin birlikdə verdiyi bəyanatda, İranın uranı zənginləşdirməyə haqqı olduğu bildirilib; hansı ki, BMT Təhlükəsizik Şurasının İrana qarşı 2006-cı ildən etibarən tətbiq olunmuş hər 5 qətnaməsində təkidlə rəsmi Tehrandan tələb olunub ki, uranı zənginləşdirməni dayandırsın. Digər tərəfdən, Qərb və özəlliklə BAEA İrandan tələb edirlər ki, nüvəsizləşdirmə (NPT) konvensiyasına "Əlavə olunmuş protokol"-na qoşulsun, hansı ki İran imtina edir.

Türkiyə və Brazilyanın BMT TŞ-nin müvəqqəti üzv olmalarına baxmayaraq, İran və Qərb arasında vasitəçiliklərinin motivi də diqqətdən yayınmamalıdır. Braziliya ildə İranla 10 milyard dollar maliyyə dövriyyəsindədir və Türkiyənin İranla ticari əməkdaşlığının 2 milyard dollar olmasına baxmayaraq, bu rəqəmi 1milyard dollara çatdırmağa çalışır. Əslində, Brazilya dünyanın 8 gülcü iqtisadiyyatı olan ölkə kimi, geo-siyasi nüfuzunu və iqtisadi əməkdaşlığını genişləndirməyi düşünür və Türkiyə isə Yaxın Şərq-də sabitliyin bərqərarı üçün Qərbə nüfuzlu müttəfiq və vasitə olmasını sübut etdirməyə çalışır. Lakin İran da Türkiyə ilə yanaşı, Yaxın Şərqdə nüfuzunu artırma yarışındadır.

Hər halda, İranın uran mübadiləsi ilə bağlı razılıq verməsi, ümidverici bir addım ola bilər; bu şərtlə ki uran mübadiləsi bu ölkənin Qərblə konstruktiv müzakirələrinin başlanmasına start olsun.

Xəbər lenti

Xəbər lenti