...

Türkiyə, Braziliya və İran sazişi Tehranın böyük diplomatik və mənəvi qələbəsidir – Həsən Nəsrullah

Dünya xəbərləri Materials 19 May 2010 18:18 (UTC +04:00)
Türkiyə, Braziliya və İran sazişi İslam Respublikasının nüvə proqramının həlli məsələsində ilk müsbət addım olacaq böyük siyasi, diplomatik və mənəvi qələbəsidir.
Türkiyə, Braziliya və İran sazişi Tehranın böyük diplomatik və mənəvi qələbəsidir – Həsən Nəsrullah

Türkiyə, Braziliya və İran sazişi İslam Respublikasının nüvə proqramının həlli məsələsində ilk müsbət addım olacaq böyük siyasi, diplomatik və mənəvi qələbəsidir. Bunu Tanınmış Livan ruhanisi, "Hizbullah"ın baş katibi Seyid Həsən Nəsrullah deyib. Məlumatı IRNA agentliyi yayıb.

O əlavə edib ki, Tehranın bu addımı İrana təzyiq göstərməyə cəhd edən qüvvələrdə narahatçılıq yaradıb.

Nəsrullah təsdiqləyib ki, Suriya və Livandakı "Hizbullah" təşkilatları Tehranın gördüyü tədbirlərdən razıdır.

O bildirib ki, Türkiyə və Braziliya ilə sazişin imzalanması böyük əhəmiyyət daşıyır və Prezident Mahmud Əhmədinejadla Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan arasında əldə olunan razılaşma şiələr və sünnilər arasında fərqin olmasında maraqlı olanlara yaxşı cavabdır.

"Müxtəlif İslam cərəyanları arasında ədavət yaratmağa çalışan ölkələr məyus oldular", - Nəsrullah deyib.

Mayın 17-də İran, Braziliya və Türkiyə arasında uranın Türkiyə ərazisində mübadiləsi haqqında üçtərəfli saziş imzalanıb. Bu ölkələrin XİN rəhbərləri Tehranın elmi-tədqiqat reaktoru üçün az zənginləşdirilmiş uranın (3,5 faizədək) yüksək zənginləşdirilmiş (20 faizədək) yanacaqla mübadiləsi haqqında saziş layihəsi imzalayıblar. Mübadilə Türkiyə ərazisində Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) və İrandan olan müşahidəçilərin nəzarəti altında həyata keçiriləcək. Saziş çərçivəsində İran özündə olan az zənginləşdirilmiş 1,2 ton uranı Türkiyəyə göndərməyə və əvəzində 120 kiloqram nüvə yanacağı almağa hazırdır.

Sazişə uyğun olaraq İran mayın 24-dək BAEA-nı sövdələşmə barədə  "yazılı şəkildə" məlumat verməlidir.

Xəbər lenti

Xəbər lenti