...

ABŞ və NATO-nun Bəluçistan terrorunda əli var - Əhmədinejad

Dünya xəbərləri Materials 19 İyul 2010 13:27 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad bir neçə gün bundan əvvəl İranın Zahidan şəhərində baş vermiş partlayışda Birləşmiş Ştatları günahlandırıb.
ABŞ və NATO-nun Bəluçistan terrorunda əli var - Əhmədinejad

İran Prezidenti Mahmud Əhmədinejad bir neçə gün bundan əvvəl İranın Zahidan şəhərində baş vermiş partlayışda Birləşmiş Ştatları günahlandırıb. Bu barədə İLNA xəbər agentliyi məlumat yayıb

"Bizdə partlayışı törədən qüvvələrin Pakistan və Əfqanıstanda yerləşən NATO və ABŞ hərbçiləri tərəfindən hərtərəfli dəstəkləndiyini və idarə olunduğunu göstərən çox etibarlı sənədlər var", - Əhmədinejad bu gün Qəzvin şəhərində çıxışı zamanı deyib.

İyulun 16-na keçən gecə Zahidanda "Cami" məscidinin qarşısında iki kamikadze partlayıcı qurğunu işə salıb. Terror aktı nəticəsində həlak olanların sayı 27 nəfərə çatıb, 270 nəfər yaralanıb. Onlardan 11-nin vəziyyəti çox ağırdır.

Əhmədinejad həmçinin BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramına qarşı sanksiyalarını, eləcə də ABŞ Prezidenti Barak Obamanın İranda prezident seçkilərindən sonra demokratiya qurmaq istəyini və hökumətəzidd şəxsləri dəstəkləməsini pisləyib. Bu barədə ILNA xəbər agentliyi məlumat yayıb.

Əhmədinejad sözlərinə görə, onlar iddia edirlər ki, İran yaxın iki il ərzində bir atom bombası istehsal edəcək və bu səhv iddia əsasında İrana qarşı sanksiyalar tətbiq edirlər. "ABŞ-da 5 min atom bombası var. Biz sizin bu iddianızı qəbul etmirik, lakin əgər qəbul etsək belə, 10-12 min kilometrlik hədəfivurma qabiliyyəti olan 5 min atom bombası olan ölkə bir atom bombası olan ölkədənmi qorxur? Onlar heç bir bombadan qorxmurlar və çox yaxşı bilirlər ki, İran xalqı atom bombası əldə etmək istəmir", - Əhmədinejad deyib.

O əlavə edib ki, onların narahatlığına səbəb İran xalqının yenidən dirçəlişidir. "500 il öncə onların heç bir şeyi yox idi, iranlılar isə zəngin mədəniyyət, elm və sivilizasiyaya malik idi, onlar bəzi İran şahları vasitəsilə bu mədəniyyəti dağıdaraq hökmranlıq etdilər", - Əhmədinejad deyib.

"İran xalqı öz istəyindən heç vaxt geri çəkilməyəcək", - o deyib.

Dubayın "əl-Ərəbiyyə" telekanalının verdiyi məlumata görə, Sistan-Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərindəki terror aktına görə məsuliyyəti qrupun rəhbəri Əbdülməlik Riqinin edam olunmasına cavab olaraq "Cundullah" (Allahın döyüşçüləri) qruplaşması öz üzərinə götürüb.

Təşkilatın üzərinə götürdüyü son terror aktı 2009-cu ilin oktyabrında İranın cənub-şərqində baş verən və 50 nəfərə yaxın insanın həyatına son qoyan partlayış olub.

Xəbər lenti

Xəbər lenti