Çərşənbə günü İranın müdafiə naziri Əhməd Vəhidi bildirib ki, ölkəsi Rusiya rəsmiləri ilə S-300 zenit-raket kompleksinin İrana təhvil verilməsi barədə müzakirələr aparır. Məlumatı İranın MEHR xəbər agentliyi yayıb.
"Rusiyanın S-300 müdafiə raketlərini İrana təhvil verməməsi iki ölkə arasında imzalanmış müqavilənin şərtlərinə ziddir", - Vəhidi deyib.
Rusiya və İran 1 milyard dollar dəyərində S-300 raket əleyhinə müdafiə sistemi barədə razılaşmanı 2005-ci ilin dekabr ayında imzalayıblar. Bu razılaşmadan və İranın nüvə proqramından narahat olan ABŞ və İsrail Moskvadan Tehrana raket sisteminin satılmasından imtina etməsini istəyib. Sentyabr ayında Rusiya Prezidenti Dmitri Medvedev BMT Təhlükəsizlik Şurasında ratifikasiya olunan 1929 saylı qətnamənin pozulmaması məqsədi ilə S-300 zenit-raket kompleksinin İrana satılmasını qadağan edən sərəncam imzalayıb.