...

Türkiyə İran və Suriyanı NATO üçün təhlükə hesab etmir

Dünya xəbərləri Materials 16 Oktyabr 2010 11:23 (UTC +04:00)
Türkiyə hökuməti hesab etmir ki, Türkiyə NATO ölkələrinə "soyuq müharibə" dövründə olduğu kimi, cəbhə xəttində olan ölkələr qismində baxmalıdır. Bunu cümə günü ölkənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.
Türkiyə İran və Suriyanı NATO üçün təhlükə hesab etmir

Türkiyə hökuməti hesab etmir ki, Türkiyə NATO ölkələrinə "soyuq müharibə" dövründə olduğu kimi, cəbhə xəttində olan ölkələr qismində baxmalıdır. Bunu cümə günü ölkənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Məlumatı Anadolu agentliyi yayıb.

"Türkiyə qonşularından heç birini təhlükəli hesab etmir", - cümə axşamı NATO-ya üzv ölkələrin xarici işlər və müdafiə nazirlərinin görüşündə iştirak edən Davudoğlu Brüsseldə mətbuat konfransında çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, NATO-nun raket əleyhinə vahid müdafiə sistemi yaradılarsa, bu, alyansın bütün üzvlərinə aid olmalı və onlar üçün bərabər təhlükəsizlik səviyyəsini təmin etməlidir.

Bundan əvvəl NATO-nun baş katibi Anders Foq Rasmussen hazırda yalnız hərbi qoşunları əhatə edən Şimali Atlantik Alyansının raket əleyhinə mövcud müdafiə sisteminin genişləndirilməsini təklif edib. Rasmussenin təklifinə əsasən, raket əleyhinə vahid müdafiə sistemi NATO-ya üzv olan bütün ölkələrin RƏM sistemini birlikdə əlaqləndirərək onların hər birinin ərazisini müdafiə etməlidir.

"Raket əleyhinə müdafiə sisteminin uzun və mərhələli planlaşdırılma prosesi gedir", - Davudoğlu deyib.

Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi cümə günü "Sinxua" agentliyinə bildirib ki, Türkiyə Brüsseldə görüş zamanı ABŞ rəsmilərinə bildirib ki, İran və Suriya NATO-nun gələcək RƏM sistemi üçün "təhlükə" adlandırılmamalıdır.

Türkiyə bildirir ki, RƏM sistemi qorumaq konsepsiyası çərçivəsində yaradılıb və hər hansı bir ölkənin NATO-nun sənədlərində alyans üçün "təhlükə" kimi adlandırılmasına qarşı çıxış edir.

Bununla yanaşı, cümə günü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, onun hökuməti ölkədə NATO-nun raket əleyhinə müdafiə sisteminin quraşdırılması üçün heç bir sorğu almayıb.

Xəbər lenti

Xəbər lenti