İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst ABŞ-ın dünyada dini azadlığın vəziyyətinə dair illik hesabatına münasibət bildirib. Məlumatı İranın IRNA agentliyi yayıb.
"Birləşmiş Ştatlar dindən vasitə kimi istifadə edir və dini azlıqlar ABŞ -da digər ölkələrdən daha çox təzyiqə məruz qalırlar", - Mehmanpərəst deyib.
Noyabrın 18-də ABŞ dünyada dini azadlığın vəiyyətinə dair illik hesabatını açıqlayıb. Hesabatda deyilir ki, 8 ölkədə dini azadlığın vəziyyəti narahatlıq doğurur. Bu ölkələr Birma, Eritreya, İran, KXDR, Səudiyyə Ərəbistanı, Sudan və Özbəkistandır. Hesabatın açıqlanması zamanı dini azadlığı fundamental insan haqları kimi qiymətləndirən dövlət katibi Hillari Klinton bunu ABŞ-ın xarici siyasətində mühüm element adlandırıb.
Mehmanpərət ABŞ-ın bu hesabatının həqiqətəuyğun olmadığını bildirib. "ABŞ-ın son hesabatında İranda dini azlıqların hüquqlarının pozulması iddia olunub. Bu iddialar əsassızdır və ABŞ hökuməti özü insan haqlarını geniş formada pozur", - o deyib.
Noyabrın 18-də BMT-nin Sosial, mədəni və humanitar məsələlər üzrə Komitəsinin (3-cü Komitə) iclasında İranda insan haqlarının "kobudcasına" pozulmasına dair "dərin narahatlıq" bildirilib və bu ölkəyə qarşı qətnamə qəbul olunub.