Azərbaycan, Bakı, 7 dekabr /Trend müxbir A.Tağıyeva/
Türkiyənin Malatya şəhərinin yaxınlığındakı Kürəcik bazasında yerləşdirilməsi planlaşdırılan Avropa raket əleyhinə müdafiə sistemi (RƏM) hər hansı bir ölkəyə qarşı yönəlməyib. Trend-in "CNN Turk" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Türkiyənin müdafiə naziri İsmət Yılmaz deyib.
"AvroRƏM radarı hücum sistemi deyil, müdafiə sistemidir, buna görə də o, hər hansı bir ölkəyə qarşı yönəldilə bilməz", - Yılmaz bildirib.
Nazir qeyd edib ki, mövcud radar NATO tərəfindən istifadə ediləcək, lakin onun idarə edilməsində türkiyəli zabitlər də iştirak edəcəklər.
Türkiyə ərazisində AvroRƏM elementlərinin yerləşdirilməsi barədə qərar ötən il NATO-nun Lissabonda keçirilən sammitində qəbul olunub və Türkiyə əvvəldən bu təşəbbüsün həyata keçirilməsi ilə bağlı işlərə dəstək görtərib.
RƏM radarının Kürəcik hərbi bazasında yerləşdirilməsi barədə sazişi isə sentyabrda ABŞ-ın Türkiyədəki səfiri Frensis Rikardone və Türkiyə xarici işlər nazirinin müşaviri Firuddin Sınırlıoğlu imzalayıblar.
Rəsmi Tehran bu qərarla bağlı dəfələrlə Ankaraya öz narahatlığını bildirib.
"Bu addım İsrail və regiondakı digər xarici qüvvələrin xeyrinə işləyəcək" , - İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin