...

İƏT Suriyaya hərbi müdaxilənin əleyhinədir - baş katib

Dünya xəbərləri Materials 5 İyun 2012 14:54 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Suriyaya hərbi müdaxilənin qəti əleyhinə çıxış edir.
İƏT Suriyaya hərbi müdaxilənin əleyhinədir - baş katib

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir A.Tağıyeva/

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Suriyaya hərbi müdaxilənin qəti əleyhinə çıxış edir. Bu barədə çərşənbə axşamı Trend-ə müsahibəsində İƏT-in baş katibi Ekmələddin İhsanoğlu bildirib.

"Suriyada hərbi müdaxilə dinc sakinlər arasında daha çox itki və ölümə gətirib çıxaracaq. Bu, bütün regionda qeyri-sabit vəziyyət yaradacaq addım olacaq. Biz hadisələrin belə gedişatına qarşıyıq", - İhsanoğlu qeyd edib.

İƏT-in baş katibi vurğulayıb ki, Suriya böhranında siyasi nizamlanmaya hələ də ümid var, buna görə də münaqişə tərəfləri BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annanın planının real icrasına başlamalıdırlar.

Müsəlman ölkələrindəki münaqişə zonalarında sülhməramlı kontingentin yerləşdirilməsi üzrə layihənin reallaşdırılması məsələsinə toxunan İhsanoğlu bildirib ki, İƏT bu layihənin reallaşdırılmasında maraqlıdır.

"Müsəlman ölkələrindəki münaqişə zonalarında sülhməramlı kontingentin yerləşdirilməsi üzrə layihə hazırlıq mərhələsindədir. İƏT bu layihəni dəstəkləyir", - o deyib.

Baş katibin sözlərinə görə, ilk dəfə bu fikir 2006-cı ilin mayında Bakıda keçirilən İƏT ölkələrinin xarici işlər nazirlərinin iclasında səsləndirilib və artıq 2008-ci ildən etibarən bu istiqamətdə bir sıra addımlar atılıb. "İƏT layihənin reallaşdırılması üzrə işləri davam etdirir və bütün müsəlman ölkələrini bu ideyanı dəstəkləməyə çağırır", - İhsanoğlu qeyd edib.

Xəbər lenti

Xəbər lenti