...

Gürcüstan prezidenti ilə bağlı baş verən hadisənin təfərrüatları açıqlanıb

Dünya xəbərləri Materials 10 Aprel 2013 10:32 (UTC +04:00)
Gürcüstanın Prezident Administrasiyası Türkiyədə Mixail Saakaşvili ilə bağlı hadisənin təfərrüatlarını açıqlayıb.
Gürcüstan prezidenti ilə bağlı baş verən hadisənin təfərrüatları açıqlanıb

Gürcüstan, Tbilisi, 10 aprel /Trend, müxbir N.Kirtsxaliya/

Gürcüstanın Prezident Administrasiyası Türkiyədə Mixail Saakaşvili ilə bağlı hadisənin təfərrüatlarını açıqlayıb. Trend-in məlumatına görə, administrasiya tərəfindən çərşənbə günü yayılan xəbərdə Gürcüstan prezidentinin üç yerdən sınan çiyninə 40 tikiş qoyulduğu bildirlir.

İctimaiyyətin prezidentlə bağlı olan bu hadisəyə böyük marağını nəzərə alaraq administrasiya bildirir ki, Saakaşvili velosipedlə gündəlik gəzinti zamanı xəsarət alıb və İstanbul Amerika xəstəxanasında əməliyyat olunub.

"Prezidentin çiyninin üç yerdən sındığı aşkar olub və bu səbəbdən o, bazar günü əməliyyat edilib. Saakaşvili bir neçə saat narkoz altında olub, əməliyyatı isə türkiyəli cərrah, professor Mehmet Dəmirxan həyata keçirib", - məlumatda bildirilir. Həkimlərin sözlərinə görə, Saakaşvilinin səhhətinin tam bərpası üçün bir ay vaxt lazımdır.

Administrasiyanın məlumatına görə, prezident 2 gün xəstəxanada qalıb, çərşənbə axşamı isə Ankarada görüşlər keçirib. O, çərşənbə günü Tbilisyə qayıdır.

Saakaşvili özü isə Türkiyənin səhiyyə sistemini yüksək qiymətləndirərək son illər ərzində bu sahədə "böyük irəliləyişlər"in əldə olunduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti