...

Küveytin milli bayramı Bakıda qeyd olunub

Dünya xəbərləri Materials 25 Fevral 2014 23:10 (UTC +04:00)
Bu gün Küveytin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Dövlət müstəqilliyinin 53-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.
Küveytin milli bayramı Bakıda qeyd olunub

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir E.Mehdiyev/

Bu gün Küveytin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlət müstəqilliyinin 53-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai-siyasi xadimlər və digər qonaqlar iştirak edib. Tədbir iki ölkənin dövlət himnlərin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi çıxış edərək tədbirin, eyni zamanda, Küveyt Dövlətinin azadlıq bayramının 23-cü ildönümünə həsr olunduğunu bildirib.

Səfir ölkəsinin inkişaf yolundan danışıb, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulayıb.

Diplomat qeyd edib ki, iki dost ölkə arasında qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin daha sürətlə inkişafına əlverişli zəmin yaradır.

Tədbirdə Azərbaycan dövləti adından çıxış edən təhsil naziri Mikayıl Cabbarov əlamətdar gün münasibətilə dost Küveyt xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik edib, dövlətimizin başçısının xoş arzularını çatdırıb.

Nazir qeyd edib ki, son zamanlar Azərbaycan ilə Küveyt arasında müxtəlif sahələri əhatə edən əlaqələr uğurla inkişaf edir.

Azərbaycan ilə Küveyt arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan M.Cabbarov dost ölkənin beynəlxalq təşkilatlarda respublikamızın mövqeyini birmənalı olaraq müdafiə etdiyini vurğulayıb.

Nazir əmin olduğunu bildirib ki, ölkələrimiz arasında dostluq münasibətləri getdikcə daha da möhkəmlənəcək və dərinləşəcəkdir.

Xəbər lenti

Xəbər lenti