...

Hyustonda keçirilmiş enerji konfransı böyük marağa səbəb olub (FOTO)

Dünya xəbərləri Materials 11 Noyabr 2015 05:39 (UTC +04:00)
ABŞ-ın Texas ştatının Hyuston şəhərində tanınmış Hyuston Universitetinin binasında həmin Universitet, Azərbaycan Mərkəzi, həmçinin Türkiyə, Yunanıstan və İtaliyanın Baş Konsulluqlarının təşkili və ARDNŞ-ın dəstəyi ilə “Avropa Enerjisində Cənubi Qaz Dəhlizi” adlı böyük konfrans keçirilmişdir (The Southern Gas Corridor in European Energy).
Hyustonda keçirilmiş enerji konfransı böyük marağa səbəb olub (FOTO)

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

ABŞ-ın Texas ştatının Hyuston şəhərində tanınmış Hyuston Universitetinin binasında həmin Universitet, Azərbaycan Mərkəzi, həmçinin Türkiyə, Yunanıstan və İtaliyanın Baş Konsulluqlarının təşkili və ARDNŞ-ın dəstəyi ilə "Avropa Enerjisində Cənubi Qaz Dəhlizi" adlı böyük konfrans keçirilmişdir (The Southern Gas Corridor in European Energy).

Hyuston şəhəri Bakı ilə qardaşlaşmış şəhərdir və ABŞ-nin əsas enerji mərkəzidir.

Gün boyu davam etmiş bu konfransın işində enerji sahəsində öz sözünü demiş nüfuzlu ekspertlər, ABŞ dövlət orqanları və Konqresin nümayəndələri, həmçinin diplomatik korpusun nümayəndələri, o cümlədən Türkiyə, İtaliya və Yunanıstanın Hyuston şəhərindəki baş konsulları iştirak etmişlər. Ölkəmizi konfransda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və ARDNŞ vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov təmsil etmişdir.

Konfransı Hyuston şəhərində yerləşən "Azərbaycan Mərkəzinin" direktoru İradə Axundova açmışdır. Hyuston Universitetinin Prezidenti Renu Xator Hyustonun qardaşlaşmış şəhəri olan Bakıya səfər etdiyini qeyd edərək ölkəmiz və xalqımız barəsində olduqca xoş təəsüratlarla geri döndüyünü və həmin təəsüratlarla bölüşmək üçün Azərbaycanla bağlı hətta bloq yaratdığını bildirərək Cənubi Qaz Dəhlizi kimi mühüm bir layihə barədə konfransın məhz Hyuston Universitetində keçirilməsindən məmnun olduğunu bildirmişdir.

Bundan sonra Hyuston şəhərinin meri Anise Parker tərəfindən noyabrın 9-nun Hyustonda Cənubi Qaz Dəhlizi günü elan olunması barədə sənəd təqdim olundu.

Konfransın "Avropa enerjisi, təhlükəsizlik və diversifikasiya" adlanan ilk panelində çıxış edən hal-hazırda ADA Universitetində çalışan səfir Con Mareska regionumuzun strateji əhəmiyyəti və ona çıxışın Avropa və ABŞ üçün vacibliyindən danışdı, onun ardınca Hyuston Universitetinin professoru Kristin Ekonomides regionda mövcud olan geosiyasi reallıqlardan söz açdı.

Cənubi Qaz Dəhlizinin regional əməkdaşlığa töhvəsini nümayiş etdirərək, tədbirdə Türkiyənin, Yunanıstanın və İtaliyanın nümayəndələri çıxış ediblər. Qeyd etmək lazımdır ki, bu yaxınlarda qeyd olunan üç dövlətin Hyustondakı baş konsulları Cənubi Qaz Dəhlizinə həsr olunmuş birgə məqalənin müəllifi olmuşlar.

Türkiyənin baxışını təqdim edən bu ölkənin Hyustonda Baş Konsulluğunun enerji müşaviri Caner Can Türkiyənin həm enerji istehlakçisi həm də coğrafi məkanına görə "təbii tranzit" olduğunu bildirərək Cənubi Qaz Dəhlizinin ölkəsi üçün prioritet olduğunu dedi.

Yunanıstan Baş konsulu Georgios Papanikolau Avropada təbii qazın ətraf mühitə zərərin dərəcəsini azaldan yeganə alternativ enerji mənbəyi olduğunu qeyd edərək bütün proqnozlara görə 2025-ci ilədək Avropanın qaz ehtiyaclarının artacağını, digər tərəfdən Avropanın Rusiyadan enerji asılılığı dərəcəsindən narahatlığını vurğuladı. Bu səbəblərdən Avropaya təbii qaz mənbələrinin diversifikasiyasının vacibliyini qeyd edən yunan diplomat bu kontekstdə Cənubi Qaz Dəhlizinin əhəmiyyətinin danılmaz olduğunu dedi.

G.Papanikolau Cənubi Qaz Dəhlizinə daxil olan və Yunanıstan ərazisindən keçəcək Trans-Adriatik qaz boru kəmərinin (TAP) ölkəsi üçün faydasından danışaraq layihənin böhran keçirmiş Yunanıstan iqtisadiyyatının vəziyyətinin yaxşılaşdırılmasına gözəçarpacaq dərəcədə töhvə verəcəyini qeyd etdi. Layihənin Yunanıstanda birbaşa olaraq iki min bu və ya digər yolla layihə ilə bağlı isə on min iş yerinin açılacağının gözlənildiyini çox müsbət hal kimi qiymətləndirdi. Ümumiyyətlə layihənin Yunanıstan enerji təhlükəsizliyini gücləndirəcəyini deyən yunan təmsilçisi Avropa İttifaqı enerji mənbələrinin diversifikasiyasında Cənubi Qaz Dəhlizinin əsas faktorlardan olduğunu söylədi.

İtaliyanın Hyustonda Baş konsulu Elena Sqarbi çıxışında Avropa İttifaqının enerji mənbələrinin diversifikasiyası üzrə strategiyasından söz açaraq Cənubi Qaz Dəhlizinin həmin strategiyaya tam cavab verdiyini və bu dəhlizin Avropa hissəsi olan TAP layihəsinin məhz bu səbəbdən İtaliya Hökuməti üçün prioritet olduğunu bildirdi. Onun sözlərinə görə, bu layihə Avropaya enerji tədarükünün artması və beləliklə ümumilikdə Avropa enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir. Bundan əlavə TAP yerli istehlakçılar üçün təbii qazı daha aşağı qiymətə əldə etmək imkanını yaradır. E.Sqarbi İtaliya enerji tələbatının 17% təmin edən Azərbaycanın bu ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynadığını vurğuladı.O, İtaliyanın TAP layihəsini tam dəstəklədiyini, ölkəsinin digər tərəfdaşları ilə birgə onun uğurla reallaşdırılması üçün bütün zəruri addımları müəyyən etmək, əlaqələndirmək və həyata keçirməyə hazır olduğunu vurğuladı.

Bundan sonra çıxış edən ABŞ konqresmeni, ABŞ Nümayəndələr Palatasının Enerji üzrə altkomissiyasının sədri Rendi Veber (Randy Weber) ABŞ-Azərbaycan əlaqələrinə toxunaraq onların "həyati əhəmiyyət" daşıdığını dedi. O, Azərbaycanın ABŞ ilə enerji təhlükəsizliyi, terrorçuluğa qarşı mübarizə və digər sahələrdə əməkdaşlığını xüsusilə qeyd etdi. Konqresmen Veber Cənubi Qaz Dəhlizinin uğurla həyata keçirilməsində ABŞ-ı müsbət rol oynamağa və lazımi dəstək verməyə çağırdı. ABŞ-ın bütün müttəfiqləri ilə münasibətlərini daha da möhkəmlənməsinin zərurətini qeyd edən konqresmen Azərbaycanın davamlı olaraq ABŞ Hökuməti ilə əməkdaşlıq etmək niyyətinin nümayiş etdirdiyini, ABŞ-ın, Azərbaycanın və bütövlükdə regionun təhlükəsizliyinin təmin edilməsi baxımından iki ölkə arasında strateji tərəfdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğuladı.

Konfransda əsas məruzəçi qismində çıxış edən səfir Elin Süleymanov enerjinin regionda yeni coğrafiya müəyyən etməsi barədə fikrini səsləndirərək Bakı-Tbilisi-Ceyhan , Bakı-Tbilisi-Ərzurum kimi irimiqyaslı enerji layihələrinin həyata keçirildiyindən sonra Xəzər dənizi hövzəsi və Aralıq dənizi regionlarının arasında fiziki təmasın yarandığını nümünə kimi gətirdi. Cənubi Qaz Dəhlizi regionlar arası təmasları daha da genişləndirəcəyini demişdir. Eyni zamanda o bildirmişdir ki, bu əməkdaşlığın bütün tərəf ölkələri və bütövlükdə regionun rifahı və təhlükəsizliyinə töhvəsi danılmazdır.Səfir regiondakı layihələrin uğurunu Azərbaycan rəhbərliyinin siyasi iradəsi və müdrik siyasəti nəticəsində mümkün olduğunu bildirdi.

O, regionda həyata keçirilən bütün irimiqyaslı infrastruktur layihələrin , o cümlədən Cənubi Qaz Dəhlizinin məhz Ümumilli lider Heydər Əliyevin bu uğurların təməlini qoymuş siyasətinin və Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin nəticəsi olduğunu bildirdi. Səfir qeyd etdi ki, Azərbaycanın təşəbbüsləri ümumiyyətlə regionun inkişafına töhvə verir və hazırki konfransda İtaliya, Yunanıstan və Türkiyənin iştirakı bunun göstəricisidir. Eyni zamanda o, Azərbaycanın Gürcüstana davamlı dəstəyinin regional əməkdaşlığın uğurunun daha bir təsdiqi kimi göstərmişdir. Səfir Süleymanov tədbirdə iştirak edən türk nümayəndələrinə tədbirə dəstəklərinə görə təşəkkürünü bildirərək Türkiyənin regionumuz üçün əvəzolunmaz tərəfdaş olduğunu vurğulamışdır.
Eyni zamanda səfir Süleymanov indiyə dək həllini tapmamış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycan torpaqlarının hələ də işğal altında qalmasının regionun inkişafına ən ciddi maneə olaraq qaldığını konfrans iştirakçılarının diqqətinə çatdırdı.

Səfir həmçinin "İpək Yolu" çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti, habelə ölkəmizdə yeni nəqliyyat infrastrukturun inşa edilməsindən danışdı.
Bundan sonra konfransın ikinci panelində çıxış edən məruzəçilər Cənubi Qaz Dəhlizi layihəsinin müxtəlif aspektlərini işıqlandırdılar. Panel zamanı çıxış edən ARDNŞ vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov ARDNŞ-ın fəaliyyəti barədə geniş məlumat verdi, şirkətin prioritetlərindən danışaraq neft hasilatının davamlı surətdə təmin edilməsi, təbii qaz hasilatının artırılması, şirkətin fəaliyyətinin effektivliyinin yüksəldilməsi, Dövlət Şirkəti olan ARDNŞ-ın Azərbaycanın inkişafına töhvəsi və s. sadaladı. V.Bəylərbəyov ARDNŞ-ın iştirak etdiyi layihələrin, o cümlədən Cənubi Qaz Dəhlizinin uğurla realaşdırılacağı ilə bağlı əminliyini ifadə etdi.

"BP" şirkətinin ABŞ-da təmsilçiliyinin rəhbəri Qreq Sanders çıxışı zamanı hazırda dünya bazarında təbii qaza tələbatın artdığı bir zaman Azərbaycanın özünü etibarlı və sabit tərəfdaş kimi göstərdiyini, eyni zamanda ölkəmizin coğrafi baxımından çox əlverişli yerə malik olduğunu bildirdi.

Konfrans zamanı həmçinin Ed Hirs, Corctaun Universitetinin professoru Brenda Şafer, Trans-Anadolu təbii qaz kəməri (TANAP) xarici əlaqələr direktoru Maqsud Məmməd və İstanbulda yerləşən Xəzər Strateji İnstitutunda Strateji və Siyasi Koordinator Əfqan Niftiyev çıxış etmişlər.

Xəbər lenti

Xəbər lenti