...

Xomeyninin nəvəsi seçkilərdə namizəd olmağa çağırıldı

Dünya xəbərləri Materials 19 Noyabr 2015 15:48 (UTC +04:00)
İranın Etidal (Mötədillik) və İnkişaf Partiyası İslam İnqilabının banisi İmam Xomeyninin nəvəsi Seyid Həsən Xomeynini ölkənin Xobreqan Ekspertlər Məclisinin (dini lideri təyin edən və onun fəaliyyətinə nəzarət edən qurum) üzvlüyünə namizədliyini verməyə dəvət edib.
Xomeyninin nəvəsi seçkilərdə namizəd olmağa çağırıldı

İran, Tehran. Təmkin Cəfərov - Trend:

İranın Etidal (Mötədillik) və İnkişaf Partiyası İslam İnqilabının banisi İmam Xomeyninin nəvəsi Seyid Həsən Xomeynini ölkənin Xobreqan Ekspertlər Məclisinin (dini lideri təyin edən və onun fəaliyyətinə nəzarət edən qurum) üzvlüyünə namizədliyini verməyə dəvət edib.

Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bu gün partiyanın əyalətlər üzrə şura üzvləri Tehranda S.H.Xomeyni ilə görüşüblər.

Görüşdə Etidal və İnkişaf Partiyasının icraçı direktoru və partiyanın Mərkəzi Şurasının üzvü Mürtəza Bənk bildirib ki, Xomeyninin nəvəsinin Xobreqan Ekspertlər Məclisinin üzvlüyünə namizədliyi İslam Respublikası sisteminə vəfalı insanların hamısının, xüsusilə partiyanın istəyidir.

Qeyd edək ki, Həsən Xomeyni kimi tanınan Seyyid Həsən Müstəfəvi hazırda İslam İnqilabının banisi İmam Xomeynin məqbərəsinin qəyyumu, İslam Azad Universitetinin təsisçilər heyətinin üzvüdür. O, islahatçılar düşərgəsinə, xüsusilə keçmiş Prezident Məhəmməd Xatəmiyə yaxınlığı ilə tanınır.

Xobreqan Ekspertlər Məclisinə seçkilər 2016-cı il fevralın 26-da parlament seçkiləri ilə eyni gündə keçiriləcək. Məclisin 86 üzvü var. Bu məclis, adətən, hər 6 aydan bir iclas təşkil edir və hər iki ildən bir Rəyasət Heyətinə seçkilər keçirir. Rəyasət Heyətinin tərkibinə sədr, birinci müavin, ikinci müavin və Rəyasət Heyətinin iki katibi daxildir.

İran Konstitusiyasının 107-ci maddəsinə əsasən, Xobreqan Ekspertlər Məclisinin əsas vəzifəsi Ayətullah Ruhullah Xomeyninin vəfatından sonra İslam Respublikasına Ali Rəhbər seçməkdir. Bu maddənin tələbinə görə, Ali Rəhbər vəfat edərsə, işindən uzaqlaşarsa və ya üzərinə götürdüyü öhdəliyi həyata keçirə bilməzsə, Xobreqan Ekspertlər Məclisinin üzvləri yeni Ali Rəhbər seçməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti