Bakı. Trend:
Qanlı terror aktı nəticəsində zərərçəkən bütün ailələrə, yaralılara və xəsarət alanlara lazımi yardım göstərəcəyik. Yaxınlarını itirən hər kəsə dərindən, səmimi başsağlığı verirəm. Bütün ölkə, bütün xalqımız sizinlə birlikdə ağlayır. 24 martı Ümumxalq hüzn günü elan edirəm.
Trend xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində səsləndirib.
“Moskvada və ətrafında, ölkənin bütün bölgələrində təxribat əleyhinə əlavə tədbirlər tətbiq edilib. İndi əsas məsələ bu qan gölünün arxasında duranların yeni cinayət törətməsinin qarşısını almaqdır”, - deyə o əlavə edib.
Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən, 4 terrorçun saxlanıldığı barədə məlumat verib.
Terror aktında ölənlərin sayı 115 nəfərə çatıb.
İlkin məlumata görə, "Crocus City Hall"da insanların ölüm səbəbləri odlu silahdan açılan atəş və yanma məhsulları ilə zəhərlənmə olub. Terrorçular "Crocus City Hall"da zalı yandırmaq üçün tezalışan mayedən istifadə ediblər.
Terrorçular əvvəlcə hücum zamanı avtomat silahdan istifadə ediblər, silah istintaq əməkdaşları tərəfindən aşkarlanıb.
