Bakı. Trend:
Ermənistan mənfi ekoloji nəticələri dəfələrlə qeyd olunan “Amulsar” qızıl yatağının işlənməsi üçün Avrasiya İnkişaf Bankının (AİB) kapitalından imtina edib.
"“Lydian Armenia” şirkəti öz müraciətini geri götürdü. Bankın müraciətin qiymətləndirilməsi ilə bağlı bütün daxili prosedurları dayandırılıb", - bu barədə Trend-in sorğusuna cavab olaraq AİB-in nümayəndəsi bildirib.
Xatırladaq ki, 2023-cü ilin fevral ayında Ermənistan İqtisadiyyat Nazirliyi, “Lydian Armenia” şirkəti və AİB arasında imzalanmış niyyətlər memorandumu 250 milyon dollarlıq maliyyə paketi cəlb edilməsini nəzərdə tuturdu. Gözlənilirdi ki, AİB 100 milyon dollar, yerli bank 50 milyon dollar ayıracaq, qalan məbləği isə “Lydian Armenia” özü cəlb edəcək.
Görünür, Ermənistan artıq Qərbdən alternativ maliyyə mənbələri axtaracaq ki, bu da Rusiyaya qarşı növbəti demarş kimi qiymətləndirilə bilər. İrəvan ekoloji baxımdan təhlükəli layihəsini həyata keçirmək üçün Qərb kapitalını cəlb etmək niyyətindədir, qlobal iqlim böhranı ilə bağlı narahatlıqlara baxmayaraq. AİB-lə, yəni Rusiya və Qazaxıstan tərəfindən təsis edilmiş bankla əməkdaşlıqdan imtina, Ermənistanın Rusiyadan tədricən uzaqlaşaraq Qərbə yönəlməsi strategiyasına uyğundur. Ölkədə Qərb təsirinin artması fonunda İrəvan açıq şəkildə ekoloji riskləri gözardı etməyə və layihəni Qərb investorlarının köməyi ilə həyata keçirməyə hazır olduğunu nümayiş etdirir.
“Amulsar” layihəsinin ekoloji təhlükələri
Amulsar yatağı, təbii mineral sularla zəngin olan İstisu (Cermuk) şəhərindən 13 kilometr məsafədə yerləşir. Yatağın istismarı İstisu (Cermuk) mineral mənbələrinə ciddi ziyan vurur. Yataq həmçinin Arpaçay və Bazarçay çaylarının arasında yerləşir. Hər iki çay Azərbaycanın ərazisindən axır və Araz çayına tökülür. Amulsar yatağının istismarı zamanı uzun müddətdir qadağan olunmuş toksik maddələrin istifadəsi ətraf mühit üçün yüksək təhlükə yaradır, təbiəti məhv edir, çay sularının turşulaşmasına və zəhərlənməsinə səbəb olur.
Qızıl hasilatı yalnız çayların suyunu çirkləndirməklə kifayətlənmir, həm də Ermənistanın ən böyük şirin su gölü olan Göyçə (Sevan) gölünün ekosisteminə mənfi təsir göstərir. Həmçinin bu sənaye Xəzər dənizinin hövzəsi üçün ciddi təhlükə yaradır. Arpaçay Azərbaycanın Naxçıvan Muxtar Respublikasından, Bazarçay isə digər Azərbaycan ərazilərindən keçərək Araz çayına, oradan isə Xəzər dənizinə tökülür. Beləliklə, bu fəaliyyət yalnız Azərbaycanın deyil, həm də İranın və digər Xəzəryanı ölkələrin ekologiyasına ciddi ziyan vurur.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistanda fəaliyyət göstərən 60-dan çox vətəndaş cəmiyyəti təşkilatı baş nazir Nikol Paşinyana müraciət edərək, Amulsar yatağının istismarının ətraf mühitə ciddi zərər vuracağı barədə xəbərdarlıq etmişdi. Onlar Ermənistan hakimiyyətini yatağın fəaliyyətinin bərpası ilə bağlı qərarı ləğv etməyə və baş prokurorluğu yatağın ətraf mühitə təsiri ilə bağlı ekspertiza nəticələrini araşdırmağa çağırmışdılar.
Lakin bu xəbərdarlıqlara baxmayaraq, Ermənistan ekoloji cəhətdən dağıdıcı “Amulsar” layihəsi üçün yeni maliyyə mənbələri axtarışında ənənəvi tərəfdaşlarından, o cümlədən Rusiyadan uzaqlaşmağa davam edir və Qərb investorlarının dəstəyini daha açıq şəkildə axtarır. Paradoksal olaraq, 2026-cı ildə BMT-nin Bioloji Müxtəliflik Konvensiyasının Tərəflərinin 17-ci Konfransına (COP17) ev sahibliyi edəcək Ermənistan, ekoloji mühafizə və davamlı inkişaf məsələlərinə tamamilə biganə yanaşdığını nümayiş etdirir.
Qərb kapitalına yönələn Ermənistan hakimiyyəti yalnız ölkənin deyil, bütün regionun ekosisteminə ciddi təhdid yaradan layihəni irəli sürməyə çalışır. Şübhəli iqtisadi mənfəət uğrunda İrəvan, görünür ki, təbii sərvətlərini və qonşularının rifahını qurban verməyə hazırdır. Bu cür davranış Ermənistanın ekoloji vədlərinin səmimiliyini şübhə altına alır və ölkəni Cənubi Qafqazda ekoloji sabitliyə təhlükə mənbəyinə çevirir.