Bakı. Trend:
Dünya ictimaiyyəti Kiprdəki reallıqları qəbul etməli, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə diplomatik, siyasi və iqtisadi əlaqələr qurmalıdır.
Trend xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Lefkoşada, ŞKTC Prezident Kompleksində çıxışı zamanı səsləndirib.
“Türkiyə hər zaman Kipr türklərinin yanında olub və olmağa davam edəcək. Ankara ŞKTC-nin siyasi və iqtisadi inkişafını dəstəkləyir. Biz hər zaman Kiprdə olacağıq”, – deyə o bildirib.
Ərdoğan əlavə edib ki, Ankaranın dəstəyi ilə ŞKTC “Şərqi Aralıq dənizinin parlaq ulduzuna” çevrilib. O, həmçinin “iki dövlət” prinsipinin Kiprdəki fikir ayrılıqlarının yeganə real həlli olduğunu vurğulayaraq, ŞKTC lideri Ersin Tatarın bu mövqeyini dəstəklədiyini qeyd edib.
“Kipr türklərinə qarşı on illərdir davam edən haqsızlığa son qoyulmalıdır. Türkiyə, bu yolda maneələr yaradanlara qarşı Kipr türkləri üçün yeni imkanlar açmağa davam edəcək,” – deyə Türkiyə Prezidenti əlavə edib.