Bakı. Trend:
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens həyat yoldaşını xristian dininə gətirmək istəyi ilə bağlı dediklərindən sonra ictimai tənqid hədəfinə çevrilib.
Trend xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Missisipi Universitetində konservativ fəal Çarli Kirkin xatirəsinə həsr olunan tədbirdə çıxış edən Vens, hind mənşəli və hinduist ailəsində böyümüş həyat yoldaşı Aşanın bir gün katolikliyi qəbul edəcəyinə ümid etdiyini bildirib.
Onun bu fikirləri sosial şəbəkələrdə və mediada geniş tənqidə səbəb olub. ABŞ Hinduizm Fondunun icraçı direktoru Suhak Şukla qeyd edib ki, belə açıqlamalar immiqrasiya siyasətinin sərtləşdiyi bir dövrdə dini azlıqlar arasında narahatlığı artırır.
Vitse-prezidentin həyat yoldaşı bu məsələ ilə bağlı hər hansı açıqlama verməyib. Vens isə “X” sosial şəbəkəsində yayılan tənqidlərə cavab olaraq, onu həyat yoldaşının dininə hörmətsizlikdə ittiham edənlərin sözlərini “iyrənc” və “antixristian təəssübkeşliyi” nümunəsi adlandırıb.
