Bakı. Trend:
Litva Tüfəngçilər Birliyinin könüllü hərbiləşdirilmiş strukturları Belarusdan siqaret daşıyan qaçaqmalçıların istifadə etdiyi meteoroloji şarlarla mübarizədə hakimiyyət orqanlarına dəstək göstərəcək.
Trend-in məlumatına görə, bu barədə Litvanın Baş naziri İnqa Ruqinene “Facebook” səhifəsində məlumat paylaşıb.
“Qaçaqmalçılıqla mübarizə aparan mobil qruplara Litva Tüfəngçilər Birliyinin üzvləri də daxil olacaq”, – deyə baş nazir qeyd edib.
Təşkilat üzvləri hava məkanını vizual müşahidə edəcək, şarların eniş yerlərinə gedərək qaçaqmalçılıqla məşğul olan şəxsləri müəyyənləşdirməyə və lazım gələrsə, onların saxlanmasına yardım etməyə çalışacaqlar.
Litva Tüfəngçilər Birliyi nizami silahlı qüvvələri dəstəkləyən hərbiləşdirilmiş təşkilatdır. 1919-cu ildə yaradılıb, 1940-cı ildə ləğv edilib və 1989-cu ildə yenidən fəaliyyətə başlayıb. Üzvləri mülki şəxslərdən ibarətdir və ordu ilə birgə təlimlərdə iştirak edirlər. Hazırda təşkilatın 16 min üzvü var ki, bu da onun tarixində ən yüksək göstəricidir.
