Bakı. Trend:
ABŞ prezidenti Donald Trampla videokonfransda iştirak edən ərəb və müsəlman ölkələrinin bütün liderləri onu İranla razılaşmanı qəbul etməyə və regionda hərbi əməliyyatlara son qoymağa çağırıblar.
Trend-in məlumatına görə, bu barədə "Axios" portalının müxbiri Barak Ravid öz mənbələrinə istinadən məlumat verib.
“Regional mənbə bildirib ki, şənbə günü Trampla telefon danışığında iştirak edən bütün ərəb və müsəlman liderləri müharibəyə son qoymaq və regionda gərginliyi azaltmaq üçün onu razılaşmanı qəbul etməyə çağırıblar”, - deyə o, X sosial şəbəkəsində yazıb.
Bundan əvvəl Ağ Evin rəhbəri Bəhreyn, Misir, İordaniya, Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə danışıq apardığını və onlarla İranla sülh sazişi çərçivəsində qarşılıqlı anlaşma memorandumunun layihəsini müzakirə etdiyini bildirib.