Fransada 2 milyon avro dəyərində avtomobilləri oğurlayan cinayətkar qruplaşmanın üzvləri tutulub

Dünya xəbərləri Materials 24 May 2026 20:53 (UTC +04:00)
Fransada 2 milyon avro dəyərində avtomobilləri oğurlayan cinayətkar qruplaşmanın üzvləri tutulub

Bakı. Trend:

Fransanın paytaxtı Parisdə mühafizə olunan avtodayanacaqdan lüks avtomobillərin kütləvi oğurluğunda iştirak edən cinayətkar qruplaşmanın bir neçə üzvü həbs edilib.

Trend xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti yazıb.

Paris Prokurorluğundakı mənbənin nəşrə verdiyi məlumata əsasən, oğurlanan 27 avtomobildən 21-i artıq aşkar olunub. Tapılan avtomobillər arasında ümumi dəyəri təxminən 2 milyon avro olan “Porsche”, “Ferrari” və “Maserati” markaları da var.

Məlumata görə, aşkar edilən nəqliyyat vasitələrinin bir qismi zədələnib, bəziləri isə qismən yandırılmış vəziyyətdə olub. Cinayətkarların avtomobilləri Fransanın müxtəlif bölgələrinə aparmağa nail olduqları bildirilir. Maşınların böyük hissəsi Paris regionunda tapılsa da, bir neçəsi Nant və Lion şəhərlərində müəyyən edilib.

İstintaq materiallarına əsasən, mayın 16-dan 17-nə keçən gecə Parisin XV dairəsində baş verən kütləvi avtomobil oğurluğunda təxminən 50 nəfərin iştirak etdiyi ehtimal olunur. Bu nəticə müşahidə kameralarının görüntülərinin araşdırılması zamanı ortaya çıxıb. Bildirilir ki, şübhəlilər əvvəlcə giriş qapısını sındıraraq dayanacağa daxil olub, daha sonra isə avtomobillərin açarlarını və sənədlərini ələ keçiriblər.

Xəbər lenti

Xəbər lenti