Böyük Britaniya süni intellekt superkompüterinə 1 milyard dollarlıq investisiya ayıracaq

Dünya xəbərləri Materials 9 İyun 2026 06:34 (UTC +04:00)
Böyük Britaniya süni intellekt superkompüterinə 1 milyard dollarlıq investisiya ayıracaq

Bakı. Trend:

Böyük Britaniya hökuməti süni intellekt texnologiyalarının inkişafını sürətləndirmək məqsədilə yeni nəsil superkompüterin yaradılmasına 750 milyon funt sterlinq (təxminən 1 milyard ABŞ dolları) həcmində vəsait yatırmağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə ölkənin Elm, İnnovasiyalar və Texnologiyalar Nazirliyi açıqlama yayıb.

Məlumata əsasən, 2030-cu ildə istifadəyə verilməsi nəzərdə tutulan sistem dünyanın ən qabaqcıl hesablama platformalarından biri olacaq. Superkompüterdə həm artıq sınaqdan keçirilmiş, həm də perspektivli prosessorlar və ən son texnologiyalı mikrosxemlər tətbiq ediləcək ki, bu da mürəkkəb hesablamaların daha yüksək səmərəliliklə həyata keçirilməsinə imkan yaradacaq.

Layihə çərçivəsində ayrılan vəsaitin 400 milyon funt sterlinqdən çox hissəsinin yeni nəsil çiplərin alınmasına yönəldilməsi nəzərdə tutulur. Bunun ilk mərhələsi olaraq, bu yay 150 milyon funt sterlinq ayrılacaq.

Yaxın aylarda layihənin icrası üçün tender elan olunacaq. Superkompüterin Edinburq Universiteti nəzdində yaradılacaq xüsusi mərkəzdə yerləşdirilməsi planlaşdırılır. O, “Isambard-AI”, DAWN və “Zenith” kimi mövcud hesablama mərkəzləri ilə inteqrasiya olunaraq Böyük Britaniyanın süni intellekt infrastrukturunun əsas hissəsinə çevriləcək.

Nazirlik bildirib ki, layihədə yerli istehsal olan çiplərə üstünlük veriləcək. Yeni sistem alimlərin, startapların və dövlət qurumlarının yüksək hesablama gücünə çıxışını genişləndirməklə ölkədə süni intellektin təhlükəsiz və səmərəli inkişafına dəstək verməyi hədəfləyir.

Xəbər lenti

Xəbər lenti