...

N.Nazarbayev: MDB-dəki fundamental dəyişikliklərə baxmayaraq, Qazaxıstan və Rusiya təşkilatın saxlanılmasına tərəfdardır

Dünya xəbərləri Materials 6 May 2006 12:36 (UTC +04:00)

MDB-dəki fundamental dəyişikliklərə baxmayaraq, Qazaxıstan və Rusiya birliyin saxlanılmasına tərəfdardır. Bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev "Rossiyskaya qazeta"ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, MDB Qazaxıstan və Rusiya əlaqələrinin inkişaf etdirildiyi birinci inteqrasiya təşkilatıdır. Hazırda MDB-də fundamental dəyişikliklər getsə də, Qazaxıstan və Rusiya bu təşkilatın saxlanılmasına tərəfdardır.

Təşkilatdakı islahatların gedişi haqqında suala cavab verən N.Nazarbayev bildirib ki, onların təşkil etdiyi ekspertlər qrupu MDB qurumlarının işinin təkmilləşdirilməsi üzrə təkliflər üzərində işləyir. Bu təkliflər MDB-nin sentyabrda Minskdə keçiriləcək zirvə görüşündə müzakirə olunacaq.

"MDB çərçivəsində yeni qarşılıqlı fəaliyyət modeli ilk növbədə müxtəlif səviyyəli və müxtəlif sürətli inteqrasiya prinsipi əsasında ticari-iqtisadi əməkdaşlıq və humanitar sahədə əməkdaşlığın inkişafını nəzərdə tutur" - deyə Qazaxıstanın dövlət başçısı vurğulayıb.

Onun dediklərinə görə, milli təhlükəsizlik və sabitliyin, eləcə də ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığının, beynəlxalq terrorizm və transmilli mütəşəkkil cinayətkarlıqla birgə mübarizənin təmin olunması məsələləri diqqət mərkəzində qalacaq.

Rusiya-Qazaxıstan əməkdaşlığını qiymətləndirən N.Nazarbayev qeyd edib ki, Qazaxıstan və Rusiya tarixən dost ölkələr olub.

Ümumi keçmişdən başqa müstəqilik illəri ərzində qarşılıqlı fəaliyyət istiqamətində yeni səhifələr açılıb. Tərəflər sərhəd məsələlərini həll edib. Rusiya ticarət sahəsində Qazaxıstanın əsas tərəfdaşıdır. Qazaxıstanın xarici dövriyyəsinin üçdə biri Rusiyanın payına düşür. Ötən il bu göstərici rekord həddə - $10 miliarda çatıb.

N.Nazarbayevin dediklərinə görə, investisiya əməkdaşlığı sürətlə inkişaf etdirilir, "Baykonur" elmi-texniki kompleksi ölkələrin maraqlarına müvafiq olaraq uğurla fəaliyyət göstərir. Rusiyada hazırlanan Qazaxıstanın ilk rabitə və yayım peyki "KAZSAT"ın istismara verilməisi iyun ayına planlaşdırılıb.

Rusiya-Qazaxıstan münasibətlərindəki problemlərə gəldikdə, Qazaxıstan liderinin fikrincə, tərəflərin konstruktiv yolla həll edə bilməyəcəyi məsələ yoxdur. Misal üçün, Xəzərin mənimsənilməsində Rusiya-Qazaxıstan əməkdaşlığı təcrübəsi göstərir ki, istək olduqda və qarşılıqlı maraqlar nəzərə alındıqda, istənilən məsələni həll etmək mümkündür. Bu barədə "RİA Novosti" xəbər verib.

Xəbər lenti

Xəbər lenti