Gürcüstanın baş naziri Zurab Noqaideli fevralın 17-18-də Küveytə rəsmi səfər edəcək. Dövlət dəftərxanasının mətbuat xidmətindən Trend in Tbilisidəki xüsusi müxbirinə verilən xəbərə görə, baş nazir Küveyt hökumətinin nümayəndələri ilə görüşlər keçirəcək. Səfər zamanı hansısa sənədin imzalanıb-imzalanmayacağı hələ məlum deyil, lakin söhbət təxminən iqtisadi əməkdaşlıq perspektivlərindən gedəcək. Küveyt hökuməti Tbilisidə yolların reabilitasiyası üçün 37 milyon lari ayırıb. Bu məbləğ əsasən mərkəzi magistralların - Saracişvili, Quramişvili prospektləri, Kürün sol sahil boyu, Pekin, Çolokaşvili, Moskva prospektləri, Qaqarin küçəsi, Jvaniya meydanı və Marşal Qelovani prospektinin reabilitasiyasına yönəldiləcək. Bu, Noqaidelinin Küveytə ikinci səfəridir.