...

Fransız deputatların Dağlıq Qarabağa səfər etmələri beynəlxalq normalara ziddir - səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Avqust 2011 13:49 (UTC +04:00)
Fransız deputatların Dağlıq Qarabağa səfər etmələri beynəlxalq normalara ziddir. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov belə hesab edir.
Fransız deputatların Dağlıq Qarabağa səfər etmələri beynəlxalq normalara ziddir - səfir

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir S.Ağayeva/

Fransız deputatların Dağlıq Qarabağa səfər etmələri beynəlxalq normalara ziddir. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov belə hesab edir.

"Bəzi ölkələrin deputatlarının, konkret halda fransızların Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə qanunsuz səfər etmələri faktının özü birincisi, qanunun pozulmasıdır və Azərbaycan belə hərəkətlərə dözə bilməz, ikincisi isə bu hərəkətlər beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu, beynəlxalq birlik, o cümlədən Fransa tərəfindən tanınıb", - Əmirbəyov çərşənbə günü Trend-ə bildirib.

Bundan əvvəl bəzi KİV Fransa Milli Yığıncağının deputatları Gi Tesye, Jak Remile, Jorj Kolumbye və Valeri Buayenin Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə səfər etmələri, eləcə də tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın rəhbərliyi ilə görüşdükləri haqqında məlumat yayıb.

Azərbaycanın Parisdəki səfirliyi fransız deputatların Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz səfəri ilə bağlı Fransa XİN-ə etiraz notası təqdim edib. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan XİN-in birinci katibi Elman Abdullayev məlumat verib.

Azərbaycanın Fransadakı səfirinin fikrincə, üçüncü mühüm məqam öz qərəzli maraqlarının xeyrinə iki dövlət arasında münasibətlərin pozulmasına aparan addımlar atan bəzi fransız parlamentarilərin məsuliyyətsiz hərəkətləridir. "Bu hərəkətlər yalnız bir daha həmin siyasi xadimlərin öz elektoratından, indiki halda onların seçki dairələrində kompakt yaşayan erməni seçicilərdən asılılığını göstərir", - diplomat qeyd edib.

"Və sonuncusu: bütün bu addımlar bu adamlar üçün izsiz ötməyəcək, çünki Azərbaycan qanunvericiliyinə görə, bu şəxslər özləri-özlərini qanundan kənarda qoyurlar və müvafiq olaraq avtomatik şəkildə Azərbaycanda arzuolunmaz şəxslərin siyahısına düşürlər", - səfir qeyd edib.

Əmirbəyov hesab edir ki, çətin ki, bu tip əməllər ikitərəfli, o cümlədən parlamentlərarası səviyyədə münasibətlərin yaxşılaşmasına kömək etsin. Bir faktı diqqətə almaq lazımdır ki, son vaxtlar Azərbaycanla Fransa arasında ikitərəfli əlaqələr son dərəcə müsbət dinamikaya malikdir və bu kontekstdə bu münasibətlər yaxın vaxtlarda da inkişaf edəcək.

Onun sözlərinə görə, rəsmi Parisin Fransa XİN nümayəndələri, eyni zamanda bu ölkənin xarici siyasət idarəsinin mətbuat katibi tərəfindən yubanmadan səsləndirilən və Fransanın mövqeyinin dəyişməzliyini bir daha təsdiqləyən mövqeyi Azərbaycan üçün çox vacibdir.

Fransa tərəfi rəsmən mövqeyini təsdiq edib. Mövqe ondan ibarətdir ki, bu səfər Fransa Milli Yığıncağının Milli müdafiə və silahlı qüvvələr komissiyasının sədri, "Xalq hərəkatı uğrunda İttifaq" parlament fraksiyasının üzvü Gi Tesyenin təşəbbüsü ilə həyata keçirilib. O, Marselin iki rayonunun meridir və orada erməni icması kompakt şəkildə yaşayır.

"Fransa Milli Yığıncağı deputatlarının Dağlıq Qarabağa səfəri rəsmi Parisin üzərinə heç bir öhdəlik qoymur və onun mövqeyini dəyişmir", - Fransa XİN-in mətbuat katibi Bernar Valero bəyan edib.

"Nə regiondan, nə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən baş çıxarmayan adamların müəyyən dairələrin, eyni zamanda öz seçicilərinin təxribatına uyaraq, bizi çox təəssüfləndirən və nəticəsiz qalmayan bu cür addımlar atmasına yalnız təəssüflənmək qalır", - Əmirbəyov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti