Düzəliş siyasəti
Dəqiqlik Trend xəbər agentliyinin oxucuları qarşısında əsas öhdəliyidir. Dərc etdiyimiz hər hansı materialda faktiki səhvə yol verilərsə, siyasətimizə uyğun olaraq biz bunu açıq şəkildə düzəldirik, düzəlişi aidiyyəti materialda aydın görünən şəkildə qeyd edirik və oxucularımıza səhvin nədən ibarət olduğunu izah edirik.
Bu səhifədə nəyi düzəliş və ya cavab kimi qəbul etdiyimiz, onların saytımızda necə göründüyü və Trend-in materialında səhv olduğunu hesab etdiyiniz halda bizə necə məlumat verə biləcəyiniz izah olunur.
Düzəlişlər haqqında
Dərc etdiyimiz materiallarda beş halda dəyişiklik və ya əlavələr edirik. Oxucuların nəyin və nə üçün dəyişdirildiyini aydın görə bilməsi üçün hər bir halı fərqli şəkildə işarələyirik.
Düzəliş (Correction). Dərc olunmuş materialda faktiki səhv (səhv ad, tarix, rəqəm, vəzifə, mənbə, məkan və ya digər yoxlana bilən fakt) olduqda, biz mətni dəyişirik və nəyin düzəldildiyini izah edən tarixlənmiş qeyd əlavə edirik. Səhv başlığa da aiddirsə, başlıq da düzəldilir. Səhv şəxsin nüfuzuna, şərəf və ləyaqətinə aşkar ziyan vurubsa, düzəlişlə yanaşı üzrxahlıq da dərc olunur.
Dəqiqləşdirmə (Clarification). Orijinal mətndəki ifadə texniki cəhətdən doğru olsa da, dərc edildiyi formada oxucuda yanlış təsəvvür yarada bilərdisə, biz həmin ifadəni yenidən işləyirik və dəqiqləşdirməni izah edən tarixlənmiş qeyd əlavə edirik. Dəqiqləşdirmələr faktın özünün səhv olmadığı, lakin təqdimat formasının yanlış anlaşıla biləcəyi hallarda istifadə olunur.
Cavab (Reply). Trend-in dərc etdiyi material nəticəsində şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna xələl gəlmiş, yaxud materialda fikirləri ciddi şəkildə təhrif edilmiş şəxsin dərc olunmaq üçün cavab mətni təqdim etmək hüququ var. Müraciət Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə cavab verdiyi halda, biz cavab mətnini heç bir redaktə etmədən, orijinal materialın həcmindən iki dəfədən çox olmayan həcmdə dərc edirik. Cavab mətni bizim redaksiya materiallarımıza tətbiq edilən məzmun standartlarına cavab verməlidir. Biz həmin publikasiya daxilində cavabı şərh etmirik və ya təkzib etmirik; əgər redaksiyanın əlavə cavab verməsinə ehtiyac yaranarsa, bu, növbəti materialda dərc olunur.
Yeniləmə (Update). İnkişaf etməkdə olan hadisələrlə bağlı yeni məlumatlar (yeni rəqəmlər, yeni rəsmi bəyanat, rəsmi qurum tərəfindən yeni qərar) ortaya çıxdıqda, biz mövcud məqaləyə yeni məlumatları əlavə edirik və materialın son yenilənmə vaxtını qeyd edirik. Bu cür müntəzəm yeniləmələr düzəliş hesab edilmir, lakin oxucunun materialın ilkin dərcdən sonra dəyişdirildiyini görə bilməsi üçün biz onları yenə də xüsusi qeyd edirik.
Materialın ləğvi (Retraction). Materialın əsas tezisinin səhv olduğunun üzə çıxdığı nadir hallarda, biz məqaləni geri çağırırıq (ləğv edirik). Məqalənin URL ünvanı əlçatan qalır və orada materialın ləğv edildiyini və bunun səbəbini izah edən aydın bildiriş yerləşdirilir. Biz dərc olunmuş materialları heç bir xəbərdarlıq etmədən silmirik.
Düzəliş və cavablar necə göstərilir
Düzəlişlər, dəqiqləşdirmələr və cavablar aid olduqları məqalə ilə birlikdə (adətən mətnin sonunda) dərc olunur və orada nəyin səhv olduğunu və hazırda necə oxunmalı olduğunu göstərən "Düzəliş, [tarix]: Bu məqalənin əvvəlki versiyasında…" formatında qısa qeyd yerləşdirilir. Bu qeyd daimidir və məqalə arxivləşdirildikdə belə onunla birlikdə qalır.
Əgər düzəliş başlığa, sosial şəbəkə paylaşımına və ya materialın e-poçt bülletenindəki versiyasına aiddirsə, biz həmin yayım platformalarında da düzəlişlər edirik və platformanın imkan verdiyi hallarda müvafiq kanalda əlavə bildiriş yerləşdiririk.
Səhv barədə necə məlumat verməli və ya cavab göndərməli
Trend-in hər hansı materialında faktiki səhv olduğunu düşünürsünüzsə və ya cavab hüququndan istifadə etmək istəyirsinizsə, lütfən, aşağıdakı məlumatları qeyd etməklə [email protected] ünvanına yazın:
- sözügedən məqalənin linkini;
- səhv hesab etdiyiniz konkret ifadəni və ya təklif etdiyiniz cavab mətnini;
- düzgün məlumatı və mümkündürsə, mənbəni (məsələn, rəsmi sənəd, ictimai bəyanat və ya təsvir olunan hadisələrdə şəxsi rolunuz).
Biz düzəliş və ya cavablarla bağlı hər bir müraciəti diqqətlə oxuyuruq. Səhv göstərdiyiniz mənbədən aydın görünürsə, düzəliş adətən həmin gün dərc olunur. Üçüncü tərəfdən müstəqil təsdiq tələb edən daha mürəkkəb məsələlər daha çox vaxt apara bilər və bu barədə sizə məlumat veriləcək. Əgər düzəliş, dəqiqləşdirmə və ya cavabın dərc edilməməsi barədə qərar qəbul edəriksə, 3 (üç) iş günü ərzində sizə əsaslandırılmış cavab göndərəcəyik. Düzəlişin, dəqiqləşdirmənin və ya cavabın dərci ödənişsizdir.
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, təkzib, düzəliş və ya cavab tələb etmək hüququ müvafiq materialın dərc edilməsindən sonrakı bir ay ərzində həyata keçirilə bilər. Zərərçəkmiş şəxsin məsələ ilə bağlı birbaşa səlahiyyətli məhkəməyə müraciət etmək hüququ da saxlanılır.
Nələri etmirik
Orijinal materialın özündə faktiki səhv, böhtan xarakterli məlumat və ya həmin şəxsin fikirlərinin təhrifi halları yoxdursa, biz haqqında bəhs edilən şəxslərin tələbi ilə keçmiş materialları silmir və ya yenidən yazmırıq. Materialla razılaşmamaq və ya onun fərqli şəkildə yazılmasını arzulamaq özlüyündə düzəliş üçün əsas deyil, lakin yuxarıda qeyd olunan cavab hüququndan istifadə üçün əsas ola bilər.
Biz dərc olunmuş materialları dəyişikliyi izah edən redaksiya qeydi əlavə etmədən silmir və ya dəyişdirmirik.
Hüquqi və həssas məsələlər
Hüquqi iddialar, materialın silinməsi tələbləri və ya düzəlişlər üçün nəzərdə tutulmuş elektron poçt vasitəsilə həll edilə bilməyən digər məsələlərlə bağlı yazışmalar üçün Əlaqə səhifəmizdəki məlumatlara baxa bilərsiniz.