MİQ üzrə müddətli əmək müqaviləsi ilə işə qəbulun nəticələri açıqlanıb

Cəmiyyət Materials 4 Sentyabr 2026 20:27 (UTC +04:00)
MİQ üzrə müddətli əmək müqaviləsi ilə işə qəbulun nəticələri açıqlanıb
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli əmək müqaviləsi ilə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli əmək müqaviləsi ilə vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib:

"28–31 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 1 467 namizəd uğur qazanaraq müddətli əmək müqaviləsi ilə çalışmaq imkanı əldə edib".

Məlumata görə, müddətli əmək müqaviləsi ilə vakansiya seçimində uğur qazanan namizədlər sentyabrın 10-u saat 18:00-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər:

Təqdim edilməli sənədlər:

  • şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti;
  • əmək kitabçasının əsli (olduğu təqdirdə);
  • 3x4 formatında 4 ədəd fotoşəkil;
  • sağlamlıq haqqında arayış;
  • kadrlar uçotunun şəxsi vərəqəsi;
  • şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış.

"Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək.

Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışın təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur", - deyə məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti