Alyaskada demokratların seçkiqabağı hiyləgərliyi Trampı qəzəbləndirib

Dünya xəbərləri Xəbər 29 Oktyabr 2026 03:10 (UTC +04:00)
Alyaskada demokratların seçkiqabağı hiyləgərliyi Trampı qəzəbləndirib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Alyaskada Senata demokrat namizədin seçkilərdə iştirakdan kənarlaşdırılmasına çağırıb. Bu çağırış The New York Times qəzetinin hazırkı senatorla eyni adı daşıyan başqa bir namizədin respublikaçıya veriləcək səsləri parçalamaq məqsədilə seçkilərdə iştirak etməyə təşviq edildiyi barədə məlumatından sonra səsləndirilib. Ənənəvi olaraq mühafizəkarların üstünlük təşkil etdiyi Arktika ştatında sorğular noyabrın 3-də keçiriləcək aralıq seçkilər ərəfəsində demokrat namizəd Meri Peltolanın cüzi üstünlüyə malik olduğunu göstərir.

The New York Times qəzetinin məlumatına görə, keçmiş yerli Amerika qəbilə hakimi olan Meri Peltolanın seçki kampaniyası 2025-ci ildə hazırkı senator Den Sallivanla eyni adı daşıyan şəxsi tapmaq məqsədilə seçici siyahılarını araşdırmağa başlayıb. Bu cəhd nəticə verib və balıqçı kəndində yaşayan, təqaüddə olan müəllim Den Sallivan demokrat məsləhətçi ilə müzakirələrdən sonra namizədliyini irəli sürüb.

Senata namizədlərin seçki kampaniyalarını təşkil edən Demokratik Senatorların Seçki Komitəsinin (DSCC) də respublikaçı senatora dəstəyi parçalamaq cəhdlərində iştirak etdiyi bildirilir. Meri Peltolanın seçki qərargahı və DSCC The New York Times qəzetinə bu işdə iştiraklarını təkzib ediblər. Qəzet isə araşdırmasında açıqlanan məlumatların özlüyündə qanunsuz hərəkətin baş verdiyini göstərmədiyini qeyd edir.

Lakin ABŞ prezidenti fərqli mövqe sərgiləyərək demokratların bu addımlarını “qanunsuz” adlandırıb. Donald Tramp özünün Truth Social sosial şəbəkəsində yazıb: “Meri Peltola Amerika xalqına qarşı törətdiyi DƏLƏDUZLUĞA görə hüquqi və siyasi məsuliyyətə cəlb edilməlidir”. O, növbəti paylaşımında əlavə edib: “Onun seçkilərdə iştirakına icazə verilməməlidir, saxta Den Sallivana da”.

Donald Tramp axşam saatlarında jurnalistlər qarşısında çıxış edərkən Meri Peltola və təqaüddə olan müəllimə qarşı məhkəmə iddiası qaldırılmasına da çağırıb.

“Düşünürəm ki, onlar məhkəmə qarşısına çıxarılmalıdırlar. Mənim fikrimcə, bu, ən yüksək səviyyədə seçki saxtakarlığıdır”, – deyə o bildirib.

Nyu-Yorkda nəşr olunan qəzetin açıqladığı məlumatların bir hissəsi Meri Peltolanın seçki kampaniyasının avqust ayında digər əməkdaşlarla birlikdə işdən çıxarılan keçmiş əməkdaşı Elisa Riosdan əldə edilib. O, namizədin bu cəhdlərdə birbaşa iştirak etmədiyini, lakin onlardan xəbərdar olduğunu iddia edir.

Məqalə dərc olunmazdan əvvəl Elisa Rios The New York Times qəzetinə verdiyi açıqlamaları geri götürmək istədiyini bildirib. Buna baxmayaraq, qəzet materialı dərc etmək qərarına gəlib. Nəşr araşdırmasının bir neçə şəxslə müsahibələrə, mesajlara və sənədlərə əsaslandığını bildirir.

Alyaska Ali Məhkəməsi iyun ayında təqaüddə olan müəllim Den Sallivanın namizədliyini davam etdirməsinə icazə verib. Lakin Donald Trampın birbaşa tələbi ilə ABŞ Ədliyyə Nazirliyi ötən həftə Alyaskadakı federal məhkəməyə müraciət edərək demokratların qələbəsi ehtimalına qarşı qabaqlayıcı hüquqi tədbir görməyə çalışıb. Nazirlik iki Den Sallivanın seçicilərdə çaşqınlıq yaratması səbəbindən “bu qarışıqlığın təsir göstərə biləcəyi hər hansı nəticənin rəsmən təsdiqlənməsinin” qadağan olunmasını istəyib.

Bununla belə, Notr-Dam Universitetinin professoru və seçki hüququ üzrə ekspert Derek Müllerin fikrincə, bu iddianın uğur qazanması ehtimalı yoxdur.

Xəbər lenti

Xəbər lenti