Bakı. Trend:
İsraildə parlament seçkilərində bülletenlərin təxminən 42 faizi hesablandıqdan sonra siyasi qüvvələrin heç biri parlamentdə çoxluğu təmin edə bilməyib. Bununla belə, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi sağ blok müxalifəti qabaqlayır.
Bu barədə İsrail mediası Mərkəzi Seçki Komissiyasının məlumatlarına istinadən xəbər yayıb.
“The Times of Israel” qəzetinin yazdığına görə, yerli vaxtla saat 05:58-ə olan məlumata əsasən, bülletenlərin 41,9 faizi hesablandıqdan sonra Netanyahunun bloku 57, müxalifət bloku isə 47 mandat qazanır. “Birləşmiş Siyahı” və RAAM fraksiyalarının birlikdə 16 mandat əldə etdiyi bildirilir.
Hazırkı nəticələrə əsasən, Netanyahunun “Likud” partiyası 28, müxalifətdəki “Yaşar” partiyası isə 21 mandat qazanır.
“Haaretz” qəzeti isə Netanyahunun İsrail Müdafiə Ordusunun (SAXAL) keçmiş Baş Qərargah rəisi, hazırda “Yaşar” partiyasına rəhbərlik edən müxalifət lideri Qadi Ayzenkota qarşı cüzi üstünlüyə malik olduğunu yazır.
İsrail parlamentində – Knessetdə 120 yer var. Çoxluğu təmin etmək üçün ən azı 61 mandat lazımdır. Qərb mediasının qeyd etdiyi kimi, seçkilərdən sonrakı əsas mərhələ istənilən halda koalisiyanın formalaşdırılması olacaq.
Seçkilərdə iştirak səviyyəsi də diqqət çəkib. Seçici fəallığı 77,7 faiz təşkil edib ki, bu da İsrail tarixində ən yüksək göstəricilərdən biridir. 2022-ci ildə keçirilən əvvəlki parlament seçkilərində bu göstərici 70,6 faiz olmuşdu.
Bundan əvvəl Netanyahunun parlament seçkilərində sağ blokunun həlledici üstünlük qazandığını bildirdiyi xəbər verilmişdi.
“Sağ blok sionist ictimaiyyət arasında və dövləti dəstəkləyən bütün qüvvələr arasında aydın, həlledici çoxluğa malikdir”, – deyə Netanyahu çərşənbə gününə keçən gecə Qüdsdə “Likud” partiyasının seçki qərargahında çıxışı zamanı bildirib.
Seçkilərdən əvvəl İsrailin əsas seçki ekzit-polları müxalifətin hakim koalisiyanı qabaqlayacağını və 52–53 mandat əldə edəcəyini proqnozlaşdırırdı. Lakin sonradan yenilənən məlumatlar Netanyahunun blokunun parlament seçkilərinin nəticələrinə əsasən müxalifətlə eyni sayda mandat qazana və ya onu cüzi fərqlə qabaqlaya biləcəyini göstərib.
