Vətəndaşların hüquqi məlumatlara çıxışını asanlaşdıran süni intellekt platforması hazırlanıb - Ülfan Əliyev

Cəmiyyət Xəbər 27 Oktyabr 2026 13:26 (UTC +04:00)
Vətəndaşların hüquqi məlumatlara çıxışını asanlaşdıran süni intellekt platforması hazırlanıb - Ülfan Əliyev
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda vətəndaşların hüquqi məlumatlara çıxışını asanlaşdırmaq və qanunvericiliklə bağlı suallarına süni intellekt vasitəsilə cavab vermək üçün yeni platforma hazırlanıb.

Trend-in müxbiri xəbər verir ki, bu fikirləri çərşənbə axşamı Azərbaycan Milli Süni İntellekt Mərkəzinin Baş kommersiya direktoru Ülfan Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası rəqəmsal gələcək: Rəqəmsallaşma və süni intellekt dövrünə qədəm qoyan cəmiyyətlər üçün mədəniyyətlərarası rəqəmsal səriştə” mövzusunda müzakirədə deyib.

Onun sözlərinə görə, vətəndaşların öz hüquqları barədə məlumat əldə etməsi əsas hüquqlardan biridir və rəqəmsal texnologiyalar bu imkanları daha əlçatan etməlidir.

“Biz Azərbaycanda bütün hüquqi məlumatların toplandığı platforma yaratmışdıq. Lakin vətəndaşların həmin məlumatlardan istifadə etməsi müəyyən çətinliklər yaradırdı. Əvvəllər istifadəçi axtardığı məlumatı tapmaq üçün dəqiq açar sözləri bilməli idi. Halbuki gündəlik danışıq dilində insanlar hüquqi terminlərdən istifadə etmirlər. Hətta düzgün açar söz seçildikdə belə, sistem çoxsaylı qanun maddələri təqdim edirdi və istifadəçi hansının onun sualına cavab verdiyini müəyyənləşdirməkdə çətinlik çəkirdi”, – deyə o bildirib.

Ü.Əliyev qeyd edib ki, bu problemlərin aradan qaldırılması məqsədilə süni intellekt əsaslı “e-Qanun.ai” platforması hazırlanıb.

“İndi vətəndaş öz problemini gündəlik danışıq dilində yaza bilər. Platforma həmin suala cavab hazırlayır və müvafiq tövsiyələr təqdim edir. Bununla da hüquqi məlumatların əldə edilməsi prosesi xeyli sadələşir”, – deyə o vurğulayıb.

Milli Süni İntellekt Mərkəzinin nümayəndəsi bildirib ki, hüquq sahəsində süni intellektin tətbiqi zamanı əsas problemlərdən biri sistemlərin yanlış və ya uydurma məlumatlar təqdim etməsi riskidir.

“Ümumi təyinatlı dil modelləri dünyanın müxtəlif mənbələrindən toplanmış böyük həcmdə məlumatlar əsasında öyrədilir. Bu isə yanlış cavabların yaranması ehtimalını artırır. Hüquq sahəsində belə səhvlər ciddi problem yarada bilər. Bizim platformamız isə məhdudlaşdırılmış məlumat bazasından istifadə etdiyi üçün bu risk minimuma endirilir”, – deyə Ü.Əliyev bildirib.

O əlavə edib ki, Azərbaycan dili kimi nisbətən məhdud istifadəçi auditoriyasına malik dillər üçün də süni intellekt həllərinin hazırlanması vacibdir.

“Biz hesab etmirik ki, dil insanların müasir texnologiyalardan istifadəsinə maneə olmalıdır. Azərbaycan dilində danışan təxminən 10 milyon insan var və biz bu sahədə mövcud problemləri öz imkanlarımız hesabına həll etməyə çalışırıq”, – deyə o bildirib.

Ü.Əliyev süni intellekt platformalarına etimadın formalaşdırılması məsələsinə də toxunub.

Onun sözlərinə görə, istifadəçilərin etimadını yalnız reklam və təşviqat kampaniyaları ilə qazanmaq mümkün deyil.

“Süni intellekt sahəsində etimad yaratmaq asan deyil. Sadəcə insanlara platformanıza etibar edə biləcəklərini söyləmək və ya bununla bağlı reklam kampaniyaları aparmaq kifayət etmir. Etimad zamanla formalaşır”, – deyə o vurğulayıb.

Azərbaycan Milli Süni İntellekt Mərkəzinin Baş kommersiya direktoru bildirib ki, hüquq sahəsində istifadə olunan süni intellekt sistemlərinin Azərbaycan dilində və yerli məlumat mənbələri əsasında öyrədilməsi vacibdir. Çünki hüquqi mətnlərin sadə tərcüməsi belə onların mənasının dəyişməsinə səbəb ola bilər.

Onun sözlərinə görə, süni intellekt məhsulları hazırlanarkən sistemin verdiyi qərarların və təqdim etdiyi məlumatların izah oluna bilməsi əsas tələblərdən biri olmalıdır.

“Süni intellekt ilk növbədə hansı səbəbdən müəyyən qərar qəbul etdiyini və ya konkret məzmunu niyə yaratdığını izah etməlidir. Biz platformamızda məlumatın hansı mənbədən götürüldüyünü göstəririk. Beləliklə, istifadəçi süni intellekt tərəfindən yaradılan məzmunun əsaslandığı məlumatları görə bilir”, – deyə o bildirib.

Ü.Əliyev qeyd edib ki, vətəndaşların öz hüquqları barədə məlumatlara çıxışının genişlənməsi onların məhkəmə-hüquq sistemində daha fəal iştirakına şərait yarada bilər.

“İnsanlar öz hüquqları barədə məlumat əldə etdikcə daha geniş məhkəmə-hüquq sisteminin bir hissəsi olmaq istəyəcəklər. Nəticədə məhkəmələrdə hüquqi işlərin sayı arta bilər. Bu isə məhkəmələr üçün əlavə texnoloji həllərin hazırlanmasını zəruri edəcək”, – deyə o vurğulayıb.

O, həmçinin bildirib ki, süni intellekt modellərinin müəyyən dilləri dəstəkləməsi həmin dillərdə təqdim edilən məlumatların bütün hallarda düzgün olacağı anlamına gəlmir.

“Texniki baxımdan bir çox süni intellekt modeli müəyyən dili dəstəklədiyini bildirir. Lakin arxa planda hansı məzmunun yaradıldığını anlamaq vacibdir. Xüsusilə hüquqi sistemlərdə hətta sadə tərcümələr belə fərqli mənaların yaranmasına səbəb ola bilər. Buna görə də belə sistemlər Azərbaycan dilində və yerli mənbələr əsasında öyrədilməlidir”, – deyə Ü.Əliyev bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti