Bakı.Trend:
İsveçrənin "Bühler" şirkəti ərzaq təhlükəsizliyinə, yerli istehsalın inkişafına və idxaldan asılılığın azaldılmasına xüsusi diqqət yetirməklə Azərbaycan bazarındakı mövqelərini möhkəmləndirmək niyyətindədir.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu "Bühler" şirkətinin Cənub-Qərbi Asiya – Şərqi Afrika subregionu üzrə rəhbəri Tolqa Çeltekligil çərşənbə axşamı Bakıda keçirilən Almaniya-Azərbaycan Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, şirkət Azərbaycanın dövlət strategiyalarının həyata keçirilməsində, xüsusilə ərzaq təhlükəsizliyi və emal sənayesinin inkişafı sahələrində iştirak etməkdə maraqlıdır.
Çeltekligil qeyd edib ki, əməkdaşlığın istiqamətlərindən biri Orta Dəhlizə xidmət edən taxıl anbarlarının və infrastrukturun, o cümlədən Ələt və Bakı limanlarının, eləcə də Bakı Taxıl Terminalının inkişafıdır.
O, həmçinin ərzaq məhsullarının idxalının azaldılmasının və yerli istehsalın artırılmasının vacibliyini vurğulayıb. Şirkət nümayəndəsinin fikrincə, yerli istehsalın inkişafı Azərbaycan istehsalçılarının imkanlarını genişləndirməyə və ölkə sənayesini şaxələndirməyə şərait yaradacaq.
Çeltekligil bildirib ki, Bühler taxıl emalı, makaron məmulatlarının, səhər yeməyi məhsullarının, bitki mənşəli qidaların və ev heyvanları üçün yemlərin istehsalı da daxil olmaqla, qida sənayesinin müxtəlif sahələri üçün avadanlıqlar tədarük edir.
