Azərbaycan–Niderland münasibətlərində yeni mərhələ başlayır

Siyasət Xəbər 26 Oktyabr 2026 17:28 (UTC +04:00)
Azərbaycan–Niderland münasibətlərində yeni mərhələ başlayır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Niderland Krallığının xarici işlər naziri Tom Berendsenlə görüşü Bakı ilə Amsterdam arasındakı münasibətlərin yeni mərhələyə keçməsi baxımından xüsusi önəm kəsb edir. Siyasi dialoqun davam etdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və nəqliyyat-logistika imkanlarının müzakirəsi onu deməyə əsas verir ki, iki ölkə arasındakı əlaqələr üçün mövcud potensial yalnız ənənəvi əməkdaşlıq sahələri ilə məhdudlaşmır. Görüşün əhəmiyyəti həm də Azərbaycanın Avropanın iqtisadi və geosiyasi maraqları baxımından artan rolunun Avropa İttifaqının üzv dövlətlərindən biri tərəfindən dəyərləndirilməsində özünü göstərir.

Azərbaycan və Niderlandın əməkdaşlıq imkanlarına nəzər saldıqda, hər iki ölkənin fərqli üstünlüklərinin olduğu görünür. Azərbaycan coğrafi mövqeyi, enerji resursları, inkişaf edən nəqliyyat infrastrukturu və region ölkələri ilə əlaqələri sayəsində Avropa ilə Asiya arasında mühüm bağlantı rolunu oynayır. Niderland isə inkişaf etmiş iqtisadiyyatı, beynəlxalq ticarət təcrübəsi, müasir kənd təsərrüfatı texnologiyaları və logistika sistemləri ilə seçilir. Bu üstünlüklərin bir araya gətirilməsi tərəflərə qarşılıqlı fayda verə biləcək əməkdaşlıq modelinin qurulmasına şərait yaradır.

Niderland şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə fəaliyyəti əlaqələrin inkişafı üçün müəyyən iqtisadi zəminin olduğunu göstərir. Lakin mövcud əməkdaşlığın genişləndirilməsi üçün yalnız biznes əlaqələrinin mövcudluğu kifayət etmir. Şirkətlər üçün uzunmüddətli planlaşdırma imkanları, əməkdaşlıq mexanizmləri və yeni layihələrin iqtisadi səmərəliliyi də mühüm əhəmiyyət daşıyır. Bu baxımdan qarşılıqlı işgüzar səfərlərin təşkili və sahibkarlar arasında birbaşa əlaqələrin gücləndirilməsi real nəticələr əldə etmək üçün əhəmiyyətli addım ola bilər. Niderland investisiyalarının cəlb edilməsi xüsusilə qeyri-neft sektorunun inkişafı baxımından perspektivlidir.Nəzərə almaq lazımdır ki, iqtisadiyyatın şaxələndirilməsi yalnız yeni müəssisələrin yaradılması ilə məhdudlaşmır. Müasir istehsal üsullarının tətbiqi, yerli məhsulların keyfiyyətinin yüksəldilməsi, ixrac imkanlarının artırılması və ixtisaslı kadr hazırlığı da bu prosesin tərkib hissəsidir. Niderland şirkətləri ilə əməkdaşlıq məhz bu istiqamətlərdə əlavə imkanlar yarada bilər.

İki ölkə arasında əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri kənd təsərrüfatıdır. Niderlandın bu sahədəki təcrübəsi torpaq və su ehtiyatlarından səmərəli istifadə, istixana təsərrüfatları, məhsuldarlığın artırılması, aqrar məhsulların saxlanması və təchizat zəncirinin təşkili kimi sahələri əhatə edir. Azərbaycan üçün bu təcrübənin öyrənilməsi xüsusilə kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi və istehsal itkilərinin azaldılması baxımından faydalı ola bilər.Burada əsas məsələ xarici texnologiyaların sadəcə ölkəyə gətirilməsi deyil, onların yerli şəraitə uyğunlaşdırılmasıdır. Su ehtiyatlarından qənaətlə istifadə, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və məhsulun bazara çatdırılmasına qədər bütün mərhələlərin səmərəli təşkili aqrar sektorun rəqabət qabiliyyətini müəyyənləşdirir. Niderland şirkətləri ilə birgə layihələr texnologiya transferinə, mütəxəssislərin hazırlanmasına və yerli istehsalçıların yeni bazarlara çıxışına töhfə verə bilər.

Azərbaycan–Niderland münasibətlərində nəqliyyat və logistika istiqaməti də xüsusi diqqət tələb edir. Qlobal ticarət marşrutlarının əhəmiyyətinin artdığı, təchizat zəncirlərinin şaxələndirilməsinin ön plana çıxdığı bir dövrdə ölkələrin nəqliyyat imkanları iqtisadi münasibətlərin mühüm amilinə çevrilib. Azərbaycanın Şərqlə Qərbi birləşdirən marşrutlar üzərində yerləşməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanları və Orta Dəhlizin inkişafı ölkəmizin beynəlxalq daşımalar sistemindəki mövqeyini gücləndirir. Niderlandın beynəlxalq logistika sahəsindəki təcrübəsi bu istiqamətdə əməkdaşlıq üçün əlavə imkanlar açır. Söhbət yalnız yüklərin bir məntəqədən digərinə daşınmasından getmir. Liman infrastrukturunun idarə edilməsi, rəqəmsal həllərin tətbiqi, anbar sistemlərinin təkmilləşdirilməsi və multimodal daşımaların səmərəliliyinin artırılması da əməkdaşlığın mümkün istiqamətləridir.

Azərbaycanın nəqliyyat imkanlarının genişlənməsi Avropa şirkətləri üçün Asiya bazarlarına çıxış baxımından da əhəmiyyətlidir. Bununla belə, Orta Dəhlizin rəqabət qabiliyyəti infrastrukturun inkişafı ilə yanaşı, tranzit prosedurlarının sadələşdirilməsindən, daşımaların vaxtının və xərclərinin optimallaşdırılmasından asılıdır. Niderlandla əməkdaşlıq bu sahədə qabaqcıl təcrübənin öyrənilməsinə və tətbiqinə kömək edə bilər.

Niderland xarici işlər nazirinin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirməsi görüşün siyasi baxımdan diqqətçəkən məqamlarındandır. Bu mövzunun Avropa üçün də əhəmiyyətli olduğunun qeyd edilməsi regional proseslərin artıq yalnız Cənubi Qafqaz çərçivəsində qiymətləndirilmədiyini göstərir. Cənubi Qafqazda davamlı sülhün təmin olunması nəqliyyat əlaqələrinin genişlənməsi, ticarət dövriyyəsinin artması və yeni investisiya layihələrinin həyata keçirilməsi üçün daha əlverişli şərait yarada bilər. Əksinə, qeyri-sabitlik regiondan keçən marşrutlarla bağlı riskləri artırır və biznesin uzunmüddətli qərarlar qəbul etməsini çətinləşdirir. Bu mənada regional sülh diplomatik münasibətlərin mövzusu olmaqla yanaşı, iqtisadi inkişafın da vacib şərtidir. Azərbaycanın regional təşəbbüsləri və beynəlxalq nəqliyyat əlaqələrindəki mövqeyi Avropanın Cənubi Qafqaza marağını artıran amillərdəndir. Lakin bu marağın davamlı tərəfdaşlığa çevrilməsi qarşılıqlı etimadın möhkəmləndirilməsini, iqtisadi əlaqələrin inkişafını və dialoqun davam etdirilməsini tələb edir.

Digər bir məqam isə, Niderlandla münasibətlərin inkişafı Azərbaycan–Avropa İttifaqı əlaqələri baxımından da əhəmiyyətlidir. İttifaqın qurucu üzvlərindən olan Niderland Avropanın siyasi və iqtisadi məkanında mühüm mövqeyə malikdir. Bu ölkə ilə qarşılıqlı maraqlara əsaslanan dialoqun inkişafı Azərbaycanın Avropa dövlətləri ilə əlaqələrinin genişləndirilməsi üçün əlavə imkan yaradır. Azərbaycanın Avropa üçün əhəmiyyəti enerji təchizatı ilə məhdudlaşmır. Nəqliyyat dəhlizləri, ticarət əlaqələri, kənd təsərrüfatı, investisiya və regional sabitlik də bu münasibətlərin mühüm istiqamətləridir. Əməkdaşlığın məhz bu sahələr üzrə genişləndirilməsi tərəfdaşlığın daha dayanıqlı əsaslar üzərində qurulmasına kömək edə bilər.

Nəticə etibarilə, Prezident İlham Əliyev və Niderland Krallığının xarici işlər naziri Tom Berendsen arasında keçirilən görüşü iki ölkənin mövcud münasibətlərinin nəzərdən keçirilməsi ilə çərçivələndirmək olmaz. Əsas məsələ siyasi dialoqdan konkret iqtisadi layihələrə, texnologiya mübadiləsinə və uzunmüddətli tərəfdaşlığa keçidin təmin edilməsidir. Azərbaycanın regional mövqeyi ilə Niderlandın iqtisadi və texnoloji imkanlarının uzlaşdırılması hər iki tərəf üçün yeni perspektivlər aça bilər. Bu perspektivlərin nə dərəcədə reallaşacağı isə müzakirələrin konkret razılaşmalara və ölçülə bilən nəticələrə çevrilməsindən asılı olacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti