Əraqçi Avropadakı etirazları enerji bazarlarındakı qeyri-sabitliklə əlaqələndirib

Dünya xəbərləri Xəbər 26 Oktyabr 2026 05:40 (UTC +04:00)
Əraqçi Avropadakı etirazları enerji bazarlarındakı qeyri-sabitliklə əlaqələndirib

Bakı. Trend:

Geosiyasi gərginlik və enerji resurslarının tədarükündə yaranan pozuntular bütün dünyada öz təsirini göstərir. Bu təsirlər Avropa ölkələrində etirazlarda və yanacağın qiymətlərinin artmasında da özünü büruzə verir. Bu fikri İranın xarici işlər naziri Abbas Əraqçi “Vedomosti” qəzetində dərc olunan köşə yazısında ifadə edib.

“İstənilən pozuntu və qarşıdurma regionumuzun hüdudlarından xeyli kənara çıxan nəticələrə səbəb olur, enerji təhlükəsizliyinə, bazar sabitliyinə, eləcə də bütün dünyada istehsalçıların və istehlakçıların iqtisadi maraqlarına təsir göstərir. Avropa ölkələrindəki hazırkı etirazlara, Avropa və Amerikada inflyasiyanın və yanacağın qiymətlərinin sürətlə artmasına nəzər salın”, — deyə o qeyd edib.

İslam Respublikasının xarici işlər naziri əlavə edib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları və davam edən hərbi təhdidlər Hörmüz boğazının bağlanmasına və qlobal qaz tədarükünün, xüsusilə də Asiyaya tədarükün pozulmasına səbəb olub. O, həmçinin Avropada qaz qiymətlərinin kəskin artdığını və qış ərəfəsində qaz ehtiyatlarının ötən ilin eyni dövrü ilə müqayisədə daha aşağı səviyyədə olduğunu vurğulayıb.

Əraqçi yanacaq istehsalçılarını dialoqu gücləndirməyə, tədarük marşrutlarını şaxələndirməyə, həyati əhəmiyyətli infrastrukturu qorumağa və geosiyasi sarsıntıların dünya enerji bazarlarına təsirini azaltmaq üçün praktik mexanizmlər yaratmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti