İtaliyada etiraz aksiyaları polislə toqquşmalarla müşayiət olunub

Dünya xəbərləri Xəbər 24 Oktyabr 2026 22:58 (UTC +04:00)
İtaliyada etiraz aksiyaları polislə toqquşmalarla müşayiət olunub

Bakı. Trend:

İtaliyanın bir sıra şəhərlərində hökumətin siyasətinə, yanacağın bahalaşmasına, inflyasiyaya və müharibə iqtisadiyyatına qarşı etiraz aksiyaları keçirilib. Turin, Bolonya və Florensiyada polislə toqquşmaların baş verdiyi bildirilir.

Romada İtaliyanın davam edən münaqişələrdə iştirakına, yenidən silahlanmaya, hərbi xərclərin artırılmasına, NATO-ya və İsrailin hərəkətlərinə qarşı yürüş təşkil olunub. Maskalı gənclərdən ibarət kiçik qrup Kolizeyə daxil olsa da, qısa müddətdə oradan çıxarılıb. Şəhərdə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb, polis əsas meydanları bağlayaraq nümayişçiləri geri sıxışdırıb.

"Il Sole 24 Ore" qəzetinin məlumatına görə, üzərlərində təhlükəli əşyalar aşkarlanan 43 gənc saxlanılıb. Termini vağzalı yaxınlığında polis mühasirəsini yarmağa çalışan nümayişçilərə qarşı su şırnaqlarından istifadə olunub.

Turində etirazçılar polisə butulkalar atıb, hüquq-mühafizə orqanları isə gözyaşardıcı qazdan istifadə edib. Milanda aksiyaya təxminən 10 min nəfər qatılıb, ciddi insidentlər qeydə alınmayıb. Florensiyada polis etirazçıların sədləri yarmağa çalışmasının qarşısını alıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti