"Siemens Energy" “Yaşıl Enerji Dəhlizi” layihəsinə texnoloji dəstək imkanlarını araşdırır

Energetika Xəbər 24 Oktyabr 2026 14:09 (UTC +04:00)
"Siemens Energy" “Yaşıl Enerji Dəhlizi” layihəsinə texnoloji dəstək imkanlarını araşdırır
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

“Siemens Energy” şirkəti “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində yüksək gərginlikli sabit cərəyan (HVDC) texnologiyası əsasında çevirici yarımstansiyalar üçün həllər təqdim etmək imkanlarını araşdırır.

Bu barədə “Siemens Energy” şirkətinin Türkiyə, Mərkəzi Asiya və Qərbi Avropa üzrə vitse-prezidenti Maksim Zubov (Maxim Zubov) Azərbaycanın Energetika Nazirliyinin sosial şəbəkə hesablarında yayımlanan videoda bildirib. O, fikirlərini Bakıda keçirilən “Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru” forumu ilə bağlı bölüşüb.

O bildirib ki, şirkət, həmçinin Avropada potensial elektrik enerjisi alıcıları ilə əlaqələrin qurulmasına dəstək verməyə hazırdır. Zubovun sözlərinə görə, şirkət layihəni bərpaolunan enerji mənbələrinin inkişafına dəstək verən, Avropanın enerji təchizatının şaxələndirilməsi və iştirakçı ölkələr arasında əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətli beynəlxalq təşəbbüs kimi qiymətləndirir. O, layihənin Azərbaycanın elektrik enerjisi şəbəkəsinin gücləndirilməsinə də töhfə verə biləcəyini qeyd edib.

“Yüksək gərginlikli sabit cərəyan (HVDC) texnologiyaları üzrə Avropanın aparıcı təchizatçılarından biri olaraq, layihəyə HVDC çevirici yarımstansiyaları üçün texnoloji həllərin təqdim edilməsi imkanlarını araşdırırıq”, – Zubov bildirib.

Onun sözlərinə görə, şirkətin texniki komandası layihə üçün optimal həllərin müəyyənləşdirilməsi məqsədilə sifarişçi, “Yaşıl Enerji Dəhlizi” layihəsinin nümayəndələri və layihələndirmə institutu ilə müzakirələr aparır.

Zubov əlavə edib ki, şirkət layihənin həyata keçirilməsinə Avropadakı müştəri və tərəfdaş şəbəkəsi vasitəsilə dəstək göstərə bilər.

“Biz Avropada geniş müştəri və tərəfdaş şəbəkəsinə malikik. Bu baxımdan potensial elektrik enerjisi alıcıları ilə müzakirələrin təşkilinə və əlaqələrin qurulmasına dəstək verməyə hazırıq. Bununla da layihənin uğurla həyata keçirilməsinə əlavə töhfə verə biləcəyimizə inanırıq”, – şirkət rəsmisi vurğulayıb.

“Siemens Energy” enerji istehsalı, elektrik şəbəkələri, enerji saxlama sistemləri və sənaye proseslərinin elektrikləşdirilməsi sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Şirkətin məlumatına görə, onun enerji texnologiyaları sahəsində 150 ildən artıq təcrübəsi var. “Siemens Energy” 90 ölkədə fəaliyyət göstərir və təxminən 100 min əməkdaşı var.

Layihənin investisiya perspektivləri

Bakıda keçirilən forumda “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının nəticələri beynəlxalq investorların, maliyyə institutlarının və biznes tərəfdaşlarının diqqətinə təqdim olunub. Tədbirdə layihənin investisiya cəlbediciliyi, biznes modeli, maliyyələşdirmə imkanları və yeni tərəfdaşlıqların qurulması, eləcə də yekun investisiya qərarının (FID) qəbuluna hazırlıq müzakirə edilib.

Layihənin texniki-iqtisadi əsaslandırmasına əsasən, elektrik enerjisinin ötürülməsi infrastrukturuna investisiyaların 14,3 milyard avro təşkil edəcəyi proqnozlaşdırılır. Sənəd 2026-cı ilin iyulunda tamamlanıb və Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri tərəfindən təsdiqlənib. Hazırda layihə işlənib hazırlanma mərhələsindədir.

Araşdırmaya görə, layihənin ümumi ötürmə gücü 3,9 giqavat (GVt) təşkil edəcək və hər birinin gücü 1,3 GVt olan üç elektrik xəttinin çəkilməsi nəzərdə tutulur. Layihənin daxili gəlirlilik normasının (IRR) 11,7% səviyyəsində qiymətləndirildiyi bildirilir.

Proqnozlara əsasən, dəhliz 2032-ci ildən Avropa İttifaqına ildə 8 teravatt-saat (TVt-saat) bərpaolunan elektrik enerjisi ötürə biləcək. 2040-cı ildə isə illik ötürmə həcminin 20 TVt-saata çatacağı gözlənilir.

Texniki-iqtisadi əsaslandırmada enerji sistemində ötürmə məhdudiyyətlərinin idarə edilməsindən əldə olunacaq gəlirlərin 2032-ci ildən etibarən ildə 315 milyon avronu ötəcəyi proqnozlaşdırılır. Layihənin 2040-cı ilədək karbon qazı emissiyalarını ildə 3,6 milyon ton azaltmağa imkan verəcəyi də qeyd olunur.

Elektrik xətlərinin mərhələli şəkildə istismara verilməsi ilə layihənin illik iqtisadi səmərəsinin artacağı gözlənilir. Birinci xəttin 2032-ci ildə istifadəyə verilməsindən sonra bu göstəricinin 860 milyon avro, 2036-cı ildə ikinci xəttin işə düşməsindən sonra 1,8 milyard avro olacağı proqnozlaşdırılır. Üçüncü xəttin 2040-cı ildə istismara verilməsi ilə illik iqtisadi səmərənin 3 milyard avronu ötəcəyi gözlənilir.

Forumda çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov layihənin regional enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl keçid baxımından strateji əhəmiyyətini vurğulayıb.

Nazir bildirib ki, Azərbaycanın yaşıl enerjinin istehsalı, ötürülməsi və ixracı üzrə regional mərkəzə çevrilməsi strategiyasında layihə xüsusi yer tutur. Onun sözlərinə görə, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya son səfəri zamanı təşəbbüsə siyasi dəstək bir daha ifadə olunub. Layihənin Avropa elektrik şəbəkəsinin inkişafı üzrə Onillik Şəbəkənin İnkişafı Planına (TYNDP) daxil edilməsi və Ortaq Maraqlar Layihəsi (PMI) statusunun əldə olunması istiqamətində görülən işlərin də investisiya perspektivlərini gücləndirdiyi bildirilib.

Təxminən 3 min kilometr uzunluğunda nəzərdə tutulan dəhlizin 2032-ci ildən mərhələli şəkildə istismara verilməsi planlaşdırılır. Layihə regionda ən azı 8 GVt gücündə bərpaolunan enerji istehsalı imkanlarının inkişafına, 2040-cı ildən Avropaya ildə təxminən 20 milyard kilovat-saat elektrik enerjisinin ötürülməsinə və karbon emissiyalarının 3,6 milyon tonadək azaldılmasına şərait yarada bilər.

Qara dənizdə 2 200 metrədək dərinlikdə sualtı elektrik kabellərinin çəkilməsi layihənin əsas texniki çağırışlarından biri hesab olunur. Bu səbəbdən mürəkkəb dəniz şəraitində işlərin aparılması üçün qabaqcıl texnoloji həllərin tətbiqi nəzərdə tutulur.

Layihənin kommersiya dayanıqlılığını təmin etmək üçün tənzimlənən və kommersiya komponentlərini birləşdirən hibrid biznes modelinin tətbiqi nəzərdən keçirilir. Modelin uzunmüddətli elektrik enerjisi alqı-satqısı müqavilələrinə, özəl kapitalın iştirakına və transsərhəd elektrik enerjisi ticarətinin inkişafına əsaslanması planlaşdırılır.

Pərviz Şahbazov beynəlxalq maliyyə institutlarının və özəl investorların iştirakının, etibarlı biznes modelinin və uzunmüddətli kommersiya razılaşmalarının yekun investisiya qərarına hazırlıq üçün əsas şərtlər olduğunu bildirib.

“Məqsədimiz ‘Yaşıl Enerji Dəhlizi’ni aydın biznes modelinə, dayanıqlı maliyyə strukturuna və investorlar üçün cəlbedici şərtlərə malik regional infrastruktur layihəsinə çevirməkdir. Azərbaycanın strateji mövqeyi, beynəlxalq enerji layihələrində zəngin təcrübəsi və tərəfdaş ölkələrlə etibarlı münasibətləri bu məqsədə nail olmaq üçün möhkəm zəmin yaradır”, – nazir qeyd edib.

Forumun yekununda tərəfdaşlıq üzrə yol xəritəsinin hazırlanması və layihə üzrə yekun investisiya qərarının qəbuluna hazırlıq çərçivəsində növbəti addımlar razılaşdırılıb.

Layihənin iştirakçıları

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirak etdiyi transsərhəd elektrik enerjisi ötürülməsi layihəsidir. Təşəbbüs 2022-ci il dekabrın 17-də Buxarestdə Avropa Komissiyasının iştirakı ilə imzalanmış strateji tərəfdaşlıq sazişi çərçivəsində yaradılıb.

Layihənin hazırlanması ilə Buxarestdə qeydiyyatdan keçmiş "Green Energy Corridor Power Company" (GECO) birgə şirkəti məşğul olur. Şirkət dörd ölkənin milli elektrik şəbəkəsi operatorlarına məxsusdur. Azərbaycanı “AzərEnerji”, Gürcüstanı "Georgian State Electrosystem", Rumıniyanı "Transelectrica", Macarıstanı isə MVM təmsil edir. Hər bir iştirakçının şirkətdəki payı 25% təşkil edir.

Layihə Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) 2026-cı il üzrə Onillik Şəbəkənin İnkişafı Planına 1248 və 1244 nömrələri ilə daxil edilib.

Layihənin növbəti mərhələsində icra planının hazırlanması, maliyyələşdirmə imkanlarının dəqiqləşdirilməsi və 2029-cu ildə yekun investisiya qərarının qəbuluna hazırlıq işlərinin davam etdirilməsi nəzərdə tutulur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti