"Yaşıl Enerji Dəhlizi" maliyyə investorları üçün cəlbedici ola bilər - AYİB

Energetika Xəbər 24 Oktyabr 2026 10:40 (UTC +04:00)
"Yaşıl Enerji Dəhlizi" maliyyə investorları üçün cəlbedici ola bilər - AYİB
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi kommersiya baxımından rentabelli və uzunmüddətli iqtisadi nəticələr təmin edən model əsasında maliyyə investorları üçün cəlbedici imkanlar yarada bilər.

Bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Nataly Mouravidze Energetika Nazirliyinin sosial şəbəkə hesablarında yayımlanan videoda Bakıda keçirilən “Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru” forumu ilə bağlı fikirlərini bölüşərkən bildirib.

O qeyd edib ki, layihənin maliyyə cəlbediciliyinin təmin edilməsi üçün onun kommersiya baxımından rentabelliyi və uzunmüddətli iqtisadi dayanıqlılığı əsas şərtlərdəndir.

“Bu layihə, həqiqətən də, maliyyə investorları üçün olduqca cəlbedici ola bilər. Bunun üçün layihənin kommersiya baxımından rentabelli olması vacibdir. Layihə uzunmüddətli və dayanıqlı iqtisadi nəticələr təmin etməlidir. Ən əsası isə bu layihə regiona əhəmiyyətli həcmdə bərpa olunan “yaşıl enerji”nin çatdırılmasına və həmin enerjinin Avropa bazarlarına inteqrasiyasına imkan yaradır”, - N.Mouravidze bildirib.

AYİB-in Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri vurğulayıb ki, layihənin uğurla həyata keçirilməsi üçün özəl sektorla beynəlxalq maliyyə institutları arasında əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

“Özəl sektorla maliyyə institutları arasında əməkdaşlığa gəldikdə isə hesab edirəm ki, layihənin reallaşdırılması yalnız tərəflərin birgə fəaliyyəti sayəsində mümkündür. Bunun üçün maliyyə institutlarının maliyyə imkanları ilə özəl sektorun təcrübə və ekspertizasını birləşdirmək lazımdır. Beləliklə, bütün iştirakçı tərəfləri vahid layihə çərçivəsində bir araya gətirərək onun birgə maliyyələşdirilməsini təmin edə bilərik”, - o qeyd edib.

Qeyd edək ki, Bakıda keçirilən forumda “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının nəticələri ilk dəfə beynəlxalq investorların, maliyyə institutlarının və biznes tərəfdaşlarının diqqətinə təqdim olunub. Tədbirdə layihənin investisiya cəlbediciliyi, biznes modeli, maliyyələşdirmə imkanları və yeni tərəfdaşlıqların qurulması müzakirə edilib. Həmçinin 2029-cu ildə yekun investisiya qərarının qəbuluna hazırlığın sürətləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Forumda Azərbaycan və tərəfdaş ölkələrin dövlət qurumlarının, Avropa İttifaqının, beynəlxalq maliyyə institutlarının, investisiya fondlarının, enerji şirkətlərinin, elektrik enerjisi alıcılarının, ötürücü sistem operatorlarının, kabel istehsalçılarının, texnologiya təchizatçılarının, mühəndislik və sığorta şirkətlərinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Dünya Bankı, Avropa İnvestisiya Bankı, AYİB, Asiya İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, İslam İnkişaf Bankı, “Brookfield Asset Management”, “ACWA Power”, “Masdar”, “SOCAR Green”, “China Datang”, “State Grid Corporation of China”, “PowerChina”, “Siemens Energy”, “ABB”, “Hitachi Energy”, “TotalEnergies”, “Prysmian”, “NKT”, “Orient Cable” və digər beynəlxalq şirkətlərin nümayəndələri təmsil olunublar.

Forumun açılışında çıxış edən energetika naziri Pərviz Şahbazov layihənin regional enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl keçid baxımından strateji əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, 2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış strateji tərəfdaşlıq sazişi ilə əsası qoyulan layihənin cari ilin iyulunda başa çatmış tədqiqatı onun texniki cəhətdən həyata keçirilə biləcəyini və iqtisadi baxımdan cəlbediciliyini təsdiqləyib. Nazir Azərbaycanın yaşıl enerjinin istehsalı, ötürülməsi və ixracı üzrə regional mərkəzə çevrilməsi strategiyasında layihənin xüsusi yer tutduğunu bildirib.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya son səfəri zamanı layihəyə siyasi dəstəyin bir daha ifadə edildiyi diqqətə çatdırılıb. Layihənin Avropa elektrik enerjisi şəbəkəsinin inkişafı üzrə TYNDP 2026 planının layihəsinə daxil edilməsi və Ortaq Maraqlar Layihəsi (PMI) statusunun əldə olunması istiqamətində görülən işlərin də onun investisiya perspektivlərini gücləndirdiyi qeyd edilib.

Təxminən 3 min kilometr uzunluğunda olması nəzərdə tutulan "Yaşıl Enerji Dəhlizi"nin 2032-ci ildən mərhələli şəkildə istismara verilməsi və ötürmə gücünün 4 QVt-a çatdırılması planlaşdırılır. Texniki-iqtisadi əsaslandırmaya əsasən, layihə regionda ən azı 8 QVt gücündə bərpaolunan enerji istehsalı imkanlarının inkişafına, 2040-cı ildən Avropaya ildə təxminən 20 milyard kilovat-saat elektrik enerjisinin ötürülməsinə və karbon emissiyalarının 3,6 milyon tonadək azaldılmasına şərait yarada bilər.

Layihənin texniki mürəkkəbliyi nəzərə alınaraq, Qara dənizin 2 200 metrədək dərinliyində sualtı elektrik kabellərinin çəkilməsi üçün qabaqcıl texnoloji həllərin tətbiqinin vacibliyi vurğulanıb.

Bununla yanaşı, layihənin kommersiya dayanıqlılığını təmin etmək məqsədilə tənzimlənən və kommersiya komponentlərini birləşdirən hibrid biznes modelinin nəzərdən keçirildiyi bildirilib. Bu modelin uzunmüddətli elektrik enerjisi alqı-satqısı müqavilələrinə, özəl kapitalın iştirakına və transsərhəd elektrik enerjisi ticarətinin inkişafına əsaslanması nəzərdə tutulur.

Energetika naziri beynəlxalq maliyyə institutlarının və özəl investorların iştirakının, etibarlı biznes modelinin və uzunmüddətli kommersiya razılaşmalarının yekun investisiya qərarına hazırlıq üçün əsas şərtlər olduğunu bildirib.

“Məqsədimiz “Yaşıl Enerji Dəhlizi”ni aydın biznes modelinə, dayanıqlı maliyyə strukturuna və investorlar üçün cəlbedici şərtlərə malik regional infrastruktur layihəsinə çevirməkdir. Azərbaycanın strateji mövqeyi, beynəlxalq enerji layihələrində zəngin təcrübəsi və tərəfdaş ölkələrlə etibarlı münasibətləri bu məqsədə nail olmaq üçün möhkəm zəmin yaradır. İnanırıq ki, bugünkü forum yeni tərəfdaşlıqların qurulmasına, konkret investisiya imkanlarının formalaşmasına və “Yaşıl Enerji Dəhlizi”nin 2029-cu ildə nəzərdə tutulan yekun investisiya qərarına daha da yaxınlaşmasına mühüm töhfə verəcək”, - P.Şahbazov bildirib.

Forumun yekununda tərəfdaşlıq üzrə yol xəritəsinin hazırlanması və "Yaşıl Enerji Dəhlizi" layihəsi üzrə yekun investisiya qərarının (FID) qəbuluna hazırlıq çərçivəsində növbəti addımlar razılaşdırılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti