Bakı. Trend:
Ermənistan rəhbərliyi sülh gündəliyi ilə bağlı ziddiyyətli açıqlamalar verməklə vaxt udmağa çalışır və əgər həqiqətən sülh istəyirsə, boş bəyanatlardan əl çəkməli, Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini vaxtında yerinə yetirməli, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması üçün hüquqi addımlar atmalıdır.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamal Cəfərov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, son zamanlar Ermənistan rəhbərliyinin sülh gündəliyi ilə bağlı dəyişkən mövqeləri müşahidə olunur. Belə ki, Ermənistan rəsmiləri bir həftə əvvəl sülh müqaviləsinin 2031-ci ilə qədər, bir həftə sonra isə 2027 və 2028-ci illərdə imzalana biləcəyini bəyan edirlər.
Deputatın sözlərinə görə, bu fakt Ermənistan rəhbərliyinin praktiki sülhün əhəmiyyətini ciddi dərk etmədiyini bir daha təsdiqləyir.
“Sülh ciddi məsələdir, hansısa siyasi kampaniya aləti deyil”, – deyə o bildirib.
K.Cəfərov qeyd edib ki, İrəvan regional sülhü öz daxili siyasi təqviminin girovuna çevirməklə vaxt udmağa çalışır.
O vurğulayıb ki, Prezident İlham Əliyevin də dediyi kimi, Ermənistanın indiki rəhbərliyindən “sülh göyərçini” obrazı yaratmaq istəyənlər bu ziddiyyətli açıqlamalardan nəticə çıxarmalıdırlar.
“Əsl sülh istəyən tərəf belə təzadlı açıqlamalar verməz, sülhü ölkə gündəliyinin ən sonuncu təqvim prioriteti elan etməz, sülhü hakimiyyətdə qalmaq üçün siyasi alətə çevirməz”, – deputat bildirib.
Onun sözlərinə görə, yaranmış mənzərə İrəvanda hələ də illüziyalarla yaşayanların olduğunu göstərir. Onlar müxtəlif bəhanələrlə vaxtı uzatmaqla həm daxili auditoriyanı aldatmağa, həm də xarici havadarlarının köməyi ilə müəyyən güzəştlərə nail olmağa çalışırlar.
“Biz heç kimə güzəştə getmərik!” – K.Cəfərov deyib.
Deputat əlavə edib ki, Ermənistan rəhbərliyi də, xalqı da sülhün ən çox onlara lazım olduğuna əmin olmalıdır.
“Biz isə gec-tez istədiyimizə nail olacağıq və heç kim bizim iradəmizə təsir edə bilməz”, – deyə o vurğulayıb.
K.Cəfərov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bərpa edib.
O qeyd edib ki, sülhü ilk təklif edən tərəf Azərbaycan olub, sülh müqaviləsinin mətninin müəllifi də Azərbaycandır. Deputatın sözlərinə görə, hazırkı praktiki sülhün təminatçısı da Prezident İlham Əliyevdir.
K.Cəfərov Ermənistan rəhbərliyini geosiyasi konyunkturadan əl çəkməyə və xarici havadarlarının verdiyi silahlara arxalanaraq özünü aldatmamağa çağırıb.
O bildirib ki, Azərbaycanın hərbi gücü İkinci Qarabağ müharibəsi dövrü ilə müqayisədə dəfələrlə artıb və hərbi gücün artırılması dövlət siyasətinin ən prioritet istiqamətlərindən biridir.
Deputatın fikrincə, Ermənistan həqiqətən sülh istəyirsə, boş bəyanatlar verməkdən əl çəkməli, Zəngəzur dəhlizi ilə bağlı üzərinə düşən öhdəlikləri vaxtında icra etməlidir.
O, həmçinin sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması istiqamətində hüquqi addımların atılmasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, Ermənistan Başç naziri Nikol Paşinyan ötən gün Azərbaytcanla sülh müqaviləsinin 2027-2028-ci illərdə imzalana biləcəyini açıqlamışdı.
