Azərbaycanın Mərkəzi Bankının uçot dərəcəsi ortamüddətli perspektivdə dəyişməz qalacaq - ING

İqtisadiyyat Xəbər 22 Oktyabr 2026 15:44 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Bankının uçot dərəcəsi ortamüddətli perspektivdə dəyişməz qalacaq - ING
Ləman Zeynalova
Ləman Zeynalova
Baş redaktorun müavini Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın Mərkəzi Bankının uçot dərəcəsi ortamüddətli perspektivdə dəyişməz qalacaq.

Bu barədə Niderlandın ING maliyyə qrupunun hesabatında bildirilib.

“Son dövrlərdə inflyasiya riskləri qiymət artımının sürətlənməsi istiqamətində bir qədər dəyişib. Belə ki, ərzaq məhsullarının bahalaşması, eləcə də qlobal nəqliyyat xərclərinin və xammal qiymətlərinin artması Azərbaycanda istehsalçı qiymətləri indeksinə təzyiqi yenidən gücləndirib. Bununla belə, valyuta məzənnəsinin sabit saxlanılması bu amillərin istehlak qiymətlərinə ötürülməsini məhdudlaşdıran mühüm nominal lövbər olaraq qalır. İstehlak qiymətləri inflyasiyası hələ də 4% ± 2 faiz bəndi səviyyəsində müəyyən edilmiş hədəf diapazonunda olduğundan, ortamüddətli perspektivdə uçot dərəcəsinin dəyişməz qalacağını gözləyirik”, – deyə hesabatda bildirilir.

Bununla yanaşı, ING analitiklərinin fikrincə, inflyasiyanın sürətlənməsinin əsas riski Yaxın Şərqdə baş verən hadisələr fonunda idxal inflyasiyasının daha da artmasıdır. Bu risk Azərbaycanın avrozona və qlobal xərclərin artımına həssas olan digər iqtisadiyyatlarla ticarət əlaqələri nəzərə alındıqda daha da aktuallaşır.

Hələlik inflyasiya təzyiqləri daha davamlı xarakter almadığı və istehlak qiymətləri inflyasiyasının 6%-dən yuxarı səviyyədə möhkəmlənməsinə səbəb olmadığı müddətcə, pul-kredit siyasətində əlavə düzəlişlərin edilməsi zəruri görünmür”, – hesabatda qeyd olunur.

Qeyd edək ki, sentyabrın 23-də Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6,5 faiz, yuxarı həddi isə 7,5 faiz səviyyəsində sabit saxlanılıb. Faiz dəhlizinin aşağı həddi isə 0,5 faiz bəndi azaldılaraq 5 faiz səviyyəsində müəyyən edilib.

Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, valyuta bazarında gedən proseslər, bank sektorunun likvidlik mövqeyinin dəyişimi, eləcə də qlobal monetar şəraitdə müşahidə olunan son meyillər nəzərə alınıb.

Faiz dəhlizinin aşağı həddinin endirilməsi bank sektorunda izafi likvidlik şəraitində banklararası pul bazarında ticarətin təşviqinə yönəlib. Dəhlizin genişlənməsinin Mərkəzi Bankın pul bazarında iştirak səviyyəsini azaltmaqla bankların öz aralarında daha aktiv əməliyyatlar aparmasına sövq edəcəyi gözlənilir. Faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin sabit saxlanılması isə inflyasiya gözləntilərinin stabilləşdirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti