Bakı. Trend:
Dövlət büdcəsinin planlaşdırılması və icrası proseslərinin rəqəmsallaşdırılması, avtomatlaşdırılmış sistemlərin tətbiqi büdcə islahatlarının sürətləndirilməsinə, əmək resurslarından səmərəli istifadəyə və nəticələrin daha dəqiq qiymətləndirilməsinə imkan verəcək.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Maliyyə Nazirliyinin Aparatının Nəticəəsaslı büdcə siyasəti şöbəsinin müdiri İlham Kərimov cümə axşamı Bakıda keçirilən dövlət maliyyəsinin rəqəmsal transformasiyasına həsr olunmuş konfransda deyib.
O bildirib ki, nəticəəsaslı büdcə mexanizminin tətbiqi ilə əlaqədar işlərə başlanılıb və hər il yeni sektorların islahatlara cəlb olunması nəzərdə tutulur. Bu prosesdə qarşıya çıxan əsas çətinliklərdən biri rəqəmsallaşmanın və proseslərin avtomatlaşdırılmasının kifayət qədər inkişaf etməməsidir.
“Ənənəvi büdcə prosesi ilə yeni mexanizmi müqayisə etsək, görərik ki, ənənəvi yanaşma böyük vaxt və əmək resursları tələb edir. Məlumatlar ayrı-ayrı cədvəllərdə toplanır, sonra ümumiləşdirilir və təhlil olunur. Bu, kifayət qədər mürəkkəb prosesdir. Yeni yanaşmada isə ayrı-ayrı icraçılar üzrə yalnız maliyyə məbləğlərinin deyil, bütövlükdə sektorlar üzrə tədbirlərin və onların nəticələrinin nəzərə alınması vacibdir”, - deyə o qeyd edib.
İ.Kərimovun sözlərinə görə, nəticəəsaslı büdcələşmə çərçivəsində tədbirlər strateji hədəflərlə əlaqələndirilir, onların icrası üzrə nəticə indikatorları və aralıq hədəflər müəyyən edilir.
“Burada söhbət yalnız birillik maliyyə göstəricilərindən getmir. Sektorlar üzrə qərarlar və tədbirlər bir neçə ili əhatə edə, onların icrası üçün nəticə indikatorları müəyyənləşdirilə bilər. Bu tədbirlərin nəticələri sonradan müvafiq sektorlar üzrə strateji hədəflərə nail olunmasına xidmət etməlidir”, - deyə şöbə müdiri bildirib.
O vurğulayıb ki, büdcə məlumatlarının həcmi və mürəkkəbliyi artdıqca onların ənənəvi elektron cədvəllər və ayrı-ayrı idarəetmə panelləri vasitəsilə emalı çətinləşir. Bu səbəbdən vahid rəqəmsal platformaların yaradılması və məlumatların avtomatik emalı xüsusi əhəmiyyət daşıyır.
“Böyük məlumat bazasını ənənəvi Excel cədvəlləri və ya ayrı-ayrı idarəetmə panelləri vasitəsilə effektiv idarə etmək mümkün deyil. Təcrübəmiz göstərir ki, müvafiq formalar və təlimatlar mövcud olsa belə, istifadəçilər məlumatların daxil edilməsi zamanı çətinliklərlə üzləşirlər. Rəqəmsal sistemdə istiqamətləndirici mexanizmlər və seçim imkanları yaradılarsa, bu proseslər xeyli sürətlənə bilər”, - deyə o əlavə edib.
İ.Kərimovun sözlərinə görə, süni intellekt elementlərinin tətbiqi də istifadəçilərə məlumatları düzgün daxil etməkdə, uyğun seçimlər etməkdə və prosesləri daha çevik həyata keçirməkdə kömək edə bilər.
“Bu gün yüksək ixtisaslı mütəxəssislərin vaxtını böyük həcmdə Excel cədvəllərinin doldurulmasına və məlumatların sonradan emalına sərf etməsi səmərəli yanaşma deyil. Avtomatlaşdırılmış sistemlər və platformalar vasitəsilə formaların elektron qaydada doldurulması, məlumatların ilkin yoxlanılması və mümkün səhvlərin əvvəlcədən aşkarlanması təmin edilməlidir”, - deyə şöbə müdiri vurğulayıb.
O qeyd edib ki, rəqəmsal platformalarda məlumatların daxil edilməsi zamanı ilkin nəzarət mexanizmlərinin tətbiqi hesabatların keyfiyyətini artırmağa və səhvlərin qarşısını almağa imkan verəcək.
İ.Kərimov əlavə edib ki, gözləntilərdən biri bu sistemin gələcəkdə büdcə proqramına inteqrasiyasıdır. Onun sözlərinə görə, məlumat mübadiləsinin rəqəmsal qaydada təşkili, məlumatların ümumiləşdirilməsi və monitorinq proseslərinin eyni platformada həyata keçirilməsi islahatların daha operativ icrasına şərait yaradacaq.
