Bakı. Trend:
Azərbaycan və İndoneziya arasında 2027-ci ildə Azərbaycanın ev sahibliyi edəcəyi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Dövlət və Hökumət Başçılarının 16-cı Zirvə Görüşünə hazırlıq məsələləri müzakirə olunub.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, məsələ Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İndoneziya Xarici İşlər Nazirliyinin Asiya-Sakit okean və Afrika İdarəsinin baş direktoru Santo Darmosumarto ilə görüşündə gündəmə gətirilib.
Görüş zamanı Azərbaycan ilə İndoneziya arasında mövcud
əməkdaşlıq gündəliyinin aktual məsələləri, ikitərəfli
münasibətlərin inkişaf perspektivləri, eləcə də siyasi dialoqun
genişləndirilməsi imkanları müzakirə olunub.
Tərəflər iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, turizm,
təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin,
qarşılıqlı səfərlərin və institusional əlaqələrin artırılmasının
əhəmiyyətini vurğulayıblar.
Azərbaycan ilə İndoneziya arasında Birləşmiş Millətlər Təşkilatı
(BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı, D8,
ASEAN və digər beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın
mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir
mübadiləsi aparılıb. Qarşılıqlı maraq doğuran məsələlər üzrə
dialoqun və koordinasiyanın davam etdirilməsinin vacibliyi qeyd
olunub. 2027-ci ildə Azərbaycanın ev sahibliyi edəcəyi İslam
Əməkdaşlıq Təşkilatının (İƏT) Dövlət və Hökumət Başçılarının 16-cı
Zirvə Görüşünə hazırlıq məsələləri əsas müzakirə mövzularından
birini təşkil edib.
Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə birlikdə C6 formatında
əməkdaşlığının əhəmiyyəti, bu çərçivədə regional bağlantıların
gücləndirilməsi, nəqliyyat və tranzit imkanlarının
genişləndirilməsi, eləcə də iqtisadi-ticarət əlaqələrinin inkişafı
məsələləri diqqətə çatdırılıb.
Görüşdə, həmçinin, regional və beynəlxalq təhlükəsizlik məsələləri,
eləcə də qarşılıqlı maraq doğuran digər mövzular müzakirə
edilib.
Eyni gündə, Azərbaycan və İndoneziya Xarici İşlər Nazirlikləri
arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Məsləhətləşmələrdə Azərbaycan tərəfinə nazir müavini Elnur
Məmmədov, İndoneziya tərəfinə isə Asiya-Sakit okean və Afrika
İdarəsinin baş direktoru Santo Darmosumarto rəhbərlik edib.
