Bakı. Trend:
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr rəqəmsal TIR sisteminin genişləndirilməsini dəstəkləyir.
Bu barədə Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) məlumatında bildirilib.
Qeyd edilib ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin gömrük administrasiyalarının rəhbərləri TIR və onun rəqəmsal versiyası olan eTIR sistemlərinin genişləndirilməsinə dəstəyi bir daha təsdiqləyiblər. Bu sistemlər regionda nəqliyyat əlaqələrinin gücləndirilməsi, sərhəd-keçid prosedurlarının sürətləndirilməsi və təhlükəsizliyin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Məlumata əsasən, Qırğızıstanın Bişkek şəhərində keçirilən TDT-yə üzv ölkələrin gömrük administrasiyaları rəhbərlərinin 12-ci iclasında gömrük xidmətlərinin rəhbərləri ilə yanaşı, TDT-nin Baş katibi Kubanıçbek Omuraliyev, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Yan Sonders və IRU-nun TIR və tranzit xidmətləri üzrə direktoru Tatyana Rey-Belle iştirak ediblər.
İclasda TIR və eTIR sistemlərinin ticarət və tranzitin asanlaşdırılmasında rolu vurğulanıb. İştirakçılar gömrük prosedurlarının sadələşdirilməsi və regional əməkdaşlığın gücləndirilməsi üçün artıq sınaqdan keçirilmiş beynəlxalq mexanizmlərdən istifadənin vacibliyini qeyd ediblər.
eTIR sistemi Mərkəzi Asiyada genişlənir
“Hazırda eTIR sistemi Azərbaycan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanı birləşdirən bir sıra nəqliyyat dəhlizlərində fəaliyyət göstərir.
Türkiyə və Qazaxıstan isə müvafiq olaraq Türkiyə–Azərbaycan və Qazaxıstan–Özbəkistan marşrutlarında eTIR əməliyyatlarına başlamağa hazırlaşırlar.
Bu addımlar Mərkəzi Asiyada və daha geniş coğrafiyada rəqəmsal tranzit əlaqələrinin inkişafı istiqamətində mühüm mərhələ hesab olunur”, - məlumatda qeyd edilib.
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) TIR və Tranzit Xidmətləri üzrə direktoru Tatyana Rey-Belle bu irəliləyişdə gömrük orqanları, BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE), IRU və TDT arasında əməkdaşlığın rolunu vurğulayıb.
O, eTIR sisteminin Avropa və Çin istiqamətində genişləndirilməsini də prioritetlər sırasında qeyd edib. Bu istiqamətlərdə hazırlıq işləri aparılır. Məqsəd TDT regionunun mərkəzi rol oynadığı, Asiyanı Avropa ilə birləşdirən rəqəmsal tranzit dəhlizləri yaratmaqdır.
Rəqəmsallaşma sərhəd-keçid prosedurlarını sürətləndirməlidir
İclasda rəqəmsal həllərin sərhədlərdə konkret nəticələrə çevrilməsi məsələsi də müzakirə olunub. TDT aşağı riskli yüklərin daha sürətli hərəkətini təmin etmək və gömrük orqanlarının diqqətini yüksək riskli yüklərə yönəltməsinə şərait yaratmaq məqsədilə “yaşıl zolaqlar”ın tətbiqini dəstəkləyir. IRU bu təcrübənin eTIR əməliyyatlarına da şamil edilməsini təklif edib.
Rəqəmsal sistemlərdən səmərəli istifadə üçün gömrük əməkdaşlarının və nəqliyyat operatorlarının müvafiq bilik və bacarıqlara yiyələnməsi də əsas prioritetlərdən biri kimi göstərilib. Özbəkistanın gömrük administrasiyası kağız əsaslı prosedurlardan tam rəqəmsal TIR əməliyyatlarına keçid zamanı davamlı təlimlərin əhəmiyyətini vurğulayıb.
Tatyana Rey-Belle IRU-nun texniki əməkdaşlıq, təlimlər, eləcə də təhlükəsiz və şəffaf tranzit prosedurlarının tətbiqi vasitəsilə gömrük administrasiyalarına dəstəyini davam etdirəcəyini bildirib.
“Avtomobil nəqliyyatı sektorunu və daha geniş təchizat zəncirini təmsil edən, həmçinin TIR sistemini idarə etmək mandatına malik təşkilat kimi IRU təhlükəsiz və asanlaşdırılmış tranzit və ticarət məqsədlərinə nail olmaq üçün gömrük administrasiyalarına dəstək verməyə tam sadiqdir”,- deyə o qeyd edib.
Qırğızıstanın tranzit mərkəzi kimi mövqeyinin gücləndirilməsi
İclas çərçivəsində Tatyana Rey-Belle və IRU-nun yeni üzvü olan Logistika və Tranzit Assosiasiyasının (AliT) sədri Urmat Kambarov Qırğızıstan Respublikası Prezident Administrasiyasının Prezident və Nazirlər Kabinetinin qərarlarının icrasına nəzarət şöbəsinin rəhbəri Azamat Apsatarovla görüşüblər.
Görüşdə, xüsusilə Çindən gələn yüklər üçün Qırğızıstanın daha cəlbedici tranzit ölkəyə çevrilməsi istiqamətində tədbirlər müzakirə olunub.
Qırğızıstan və Tacikistan regionda işlək eTIR dəhlizini ilk istifadəyə verən ölkələr olublar. Sərhəd-keçid məntəqələrində və ölkədaxili logistika məntəqələrində prosedurların daha da təkmilləşdirilməsi ticarətin şəffaflığını artıra bilər.
