Bakı.Trend:
Uşaqların və gənclərin təhlükəsizliyi məqsədilə məktəblərdə "TikTok" platformasına çıxış məhdudlaşdırılıb, eləcə də terrorizm və narkotik vasitələri təbliğ edən 200-ə yaxın zərərli kontent tərkibli səhifəyə çıxışlar bağlanıb.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov çərşənbə günü “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda keçirilən Ailə Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, müasir texnologiyalarda, xüsusilə sosial şəbəkələrdə yerləşdirilən məzmunlar həmişə müsbət olmur, onların arasında kifayət qədər zərərli kontent də var.
“Son dövrlərdə texnologiyaların inkişafı ona gətirib çıxardı ki, çox böyük həcmdə informasiyanı emal etmək, onu düzgün təhlil etmək və düzgün qərar qəbul etmək insanların imkanı xaricindədir. İnsan beyni qısa müddətdə informasiyanı emal edib qərar qəbul etmək iqtidarında deyil. Ona görə də müasir texnologiyalar buna imkan yaradır”,- deyə o bildirib.
F.Qurbanov əlavə edib ki, pandemiya dövründə məktəblərin bağlanması və tədrisin onlayn formata keçməsi təhsilə dəstək olsa da, canlı ünsiyyətin azalmasına və uşaqların sosiallaşmaqda müəyyən çətinliklərlə üzləşməsinə səbəb olub.
