Bakı.Trend:
"Visa" şirkəti "Birbank Biznes" ilə birgə Azərbaycanda "She’s Next Empowered by Visa" təşəbbüsünün dördüncü mərhələsinə start verdiyini açıqlayıb.
Trend-in müxbiri xəbər verir ki, bu barədə çərşənbə axşamı Bakıda keçirilən tədbirdə məlumat verilib
“Bir addımdan başla” şüarı ilə həyata keçirilən "She’s Next in Digital" proqramı qadın sahibkarların rəqəmsal bacarıqlarının inkişafına, yeni müştərilərin cəlb edilməsinə, biznes proseslərinin təkmilləşdirilməsinə və öz bizneslərinin inkişaf etdirilməsinə dəstək göstərməyə yönəlib. İştirakçılar ekspert mentorluğundan yararlanmaq və ümumi məbləği 60 min manat olan mükafat fondundan qrantlar uğrunda mübarizə aparmaq imkanı əldə edəcəklər.
Müraciətləri həm artıq öz biznesini idarə edən qadınlar, həm də biznes ideyalarının ilkin mərhələsində olan şəxslər təqdim edə bilərlər.
İştirakçılar yeddi videomühazirədən ibarət onlayn təhsil proqramına qoşula biləcəklər. Proqram başa çatdıqdan sonra onlar biznes planlarını ekspertlərin qiymətləndirməsinə təqdim edərək müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar.
24 finalçı üç həftəlik "Digital Accelerator" proqramında iştirak edəcək. Proqram çərçivəsində ekspertlərlə təlimlər və fərdi mentorluq nəzərdə tutulur. Daha sonra iştirakçılar yekun təqdimat (Final Pitch Day) çərçivəsində layihələrini münsiflər heyətinə təqdim edəcəklər.
Proqram dörd kateqoriyanı əhatə edir:
-
"Digital" – rəqəmsal inkişafa yönəlmiş fəaliyyət göstərən müəssisələr üçün;
-
"Social" – cəmiyyətə müsbət təsir göstərən bizneslər üçün;
-
"Regional" – regionların inkişafına töhfə verən müəssisələr üçün;
-
"Beginners" – sahibkarlıq fəaliyyətində ilk addımlarını atan və ya biznes ideyası hazırlayan qadınlar üçün.
İlk dəfə olaraq "She’s Next Days" tədbirləri Bakıdan kənarda keçiriləcək: 30 oktyabrda Gəncədə, 6 noyabrda isə Şəkidə. Bu tədbirlər regionlarda fəaliyyət göstərən qadın sahibkarlara təşəbbüs haqqında daha ətraflı məlumat əldə etmək, qeydiyyat prosesində dəstək almaq və digər biznes nümayəndələri ilə təcrübə mübadiləsi aparmaq imkanı verəcək.
Qeydiyyat 20 oktyabr – 30 noyabr 2026-cı il tarixlərində davam edəcək. Onlayn təhsil proqramı 30 noyabr – 15 dekabr tarixlərində keçiriləcək, biznes planlarının qəbulu isə 16–29 dekabr tarixlərində həyata keçiriləcək. "Digital Accelerator"proqramının 8–26 fevral 2027-ci il tarixlərində keçirilməsi, yekun təqdimatın isə 3 mart tarixində baş tutması planlaşdırılır.
Səkkiz qalib – hər kateqoriya üzrə iki nəfər – ümumi məbləği 60 min manat (təxminən 35,3 min ABŞ dolları) olan mükafat fondundan qrant əldə edəcək.
“Rəqəmsal imkanlar biznesin yaradılması, rəqabət aparması və inkişafı üçün fundamental əhəmiyyət daşıyır. Azərbaycanda "She’s Next" təşəbbüsünün dördüncü mərhələsi çərçivəsində biz yenidən "Birbank Biznes" ilə səylərimizi birləşdirərək qadın sahibkarlara öz bizneslərində birbaşa tətbiq edə biləcəkləri praktiki biliklər təqdim edirik. Bu, istər internetdə müştəri bazasının genişləndirilməsi, istər rəqəmsal ödənişlərin tətbiqi, istərsə də gündəlik proseslərin səmərəliliyinin artırılması ilə bağlı olsun”, - deyə Visa şirkətinin Azərbaycandakı rəhbəri, baş direktor Nurlan Hacıyev bildirib.
Onun sözlərinə görə, bu il proqram yeni mərhələyə keçir, Bakıdan kənara çıxaraq regionlarda yaşayan qadınlar üçün daha əlçatan olur.
“Təhsil, mentorluq və maliyyələşməni bir araya gətirməklə daha çox qadına öz arzularını dayanıqlı biznesə çevirməkdə kömək etməyə çalışırıq”, - deyə Hacıyev əlavə edib.
Kapital Bankın Ödəniş məhsulları departamentinin rəhbəri Zakir Xanməmmədov bildirib ki, təşəbbüs yalnız maliyyə dəstəyini deyil, həm də qadınların bilik və bacarıqlarının, eləcə də özünəinamının inkişafı üçün imkanların yaradılmasını nəzərdə tutur.
“Bu günədək təşəbbüs çərçivəsində təşkil olunan təlim tədbirlərində mindən çox qadın iştirak edib. Son iki il ərzində müştərilərimiz arasında qadın sahibkarların sayı 1,5 dəfə artıb, onlara təqdim olunan mikrokreditlərin həcmi isə beş dəfə yüksəlib”, - deyə o bildirib.
Z.Xanməmmədov əlavə edib ki, bank qadın sahibkarlar üçün xüsusi məhsullar hazırlayıb və bu il rəqəmsal bacarıqların inkişafına, eləcə də regionlarda yaşayan qadınlar üçün imkanların genişləndirilməsinə xüsusi diqqət yetirir.
“Biz əminik ki, hər bir qadın, yaşadığı yerdən asılı olmayaraq, öz ideyasını həyata keçirmək və uğurlu biznes qurmaq imkanına malik olmalıdır”, - deyə o vurğulayıb.
"She’s Next Empowered by Visa" təşəbbüsünün 2021-ci ildə Azərbaycanda fəaliyyətə başlamasından etibarən ona 2 mindən çox azərbaycanlı qadın qoşulub. Qadın sahibkarlığının dəstəklənməsi məqsədilə qrant şəklində 70 min manat vəsait ayrılıb.
Bundan əlavə, "She’s Next" icmasının rəqəmsal platforması vasitəsilə azərbaycanlı qadın sahibkarlar Şərqi və Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqazın 17 ölkəsindən biznes sahəsində fəaliyyət göstərən daha geniş qadın icması ilə əlaqə saxlamaq imkanı əldə edirlər.
"She’s Next" in Digital proqramına qeydiyyat 30 noyabr 2026-cı il tarixinədək açıqdır. Ətraflı məlumat və müraciət forması "shesnext.az" saytında təqdim olunur. İştirakçılar həmçinin proqramla bağlı yeniliklər və qarşıdakı tədbirlər haqqında məlumat almaq üçün "She’s Next" icmasına WhatsApp vasitəsilə qoşula bilərlər.
