Komplayens şirkətlərin dəyərini artıran mühüm amildir - Gündüz Kərimov

Biznes və iqtisadiyyat xəbərləri Xəbər 20 Oktyabr 2026 10:05 (UTC +04:00)
Komplayens şirkətlərin dəyərini artıran mühüm amildir - Gündüz Kərimov
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Komplayens yalnız qanunvericiliyin tələblərinə əməl etmək deyil, həm də şirkətin korporativ mədəniyyətini formalaşdıran, rəqabət qabiliyyətini gücləndirən və uzunmüddətli dəyər yaradan idarəetmə mexanizmidir.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov çərşənbə axşamı Bakıda keçirilən Dayanıqlı Biznes, Korporativ İdarəetmə, Risk və Komplayens (GRC) Konfransında deyib.

Onun sözlərinə görə, komplayens şirkətlərin fəaliyyətində mühüm yer tutan siyasət, davranış qaydaları toplusu və idarəetmə yanaşmasıdır. Bu çərçivədə risklərin idarə edilməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə, etik davranış prinsipləri, eləcə də şəffaf və ədalətli korporativ idarəetmə əsas istiqamətlərdəndir.

G.Kərimov qeyd edib ki, şirkətin nizamnaməsi və təsis sənədlərindən sonra komplayens siyasətini müəyyən edən sənədlər onun idarəetmə sistemində xüsusi əhəmiyyət daşıyır: "Çünki həmin sənədlərdə şirkətin məqsədləri, prinsipləri və fəaliyyət zamanı riayət etməli olduğu qaydalar əks olunur. Komplayens siyasəti olan şirkət təchizatçılar, podratçılar, dövlət qurumları və digər tərəfdaşlarla açıq və şəffaf münasibətlər qurur və bu münasibətlərdən çəkinmir”, - deyə o bildirib.

Şöbə müdiri vurğulayıb ki, komplayens eyni zamanda şirkətdaxili mədəniyyətin formalaşmasında mühüm rol oynayır. Düzgün korporativ idarəetmə, insan resurslarının inkişafı, əməkdaşların ixtisasartırması, biliklərin idarə edilməsi və beynəlxalq təcrübənin öyrənilməsi bu mədəniyyətin inkişafına təsir göstərən əsas amillərdəndir.

Onun sözlərinə görə, komplayens mədəniyyətinin formalaşdığı şirkətlərdə şəffaflıq prinsipləri daha geniş tətbiq olunur. Bu baxımdan, şirkətlərin ölkənin ən böyük vergi ödəyicilərinin siyahısında yer almağa könüllü razılıq verməsi də şəffaflıq və açıq fəaliyyət mədəniyyətinin nümunələrindən biri kimi qiymətləndirilə bilər.

G.Kərimov komplayensin rəqabət qabiliyyəti ilə əlaqəsinə də toxunub. O bildirib ki, komplayens prinsiplərinə əməl etməyən şirkətlər qısa müddətdə daha yüksək gəlir və dövriyyə əldə edə bilsələr də, bu üstünlüklər uzunmüddətli perspektivdə dayanıqlı olmaya bilər.

“Uzunmüddətli və dayanıqlı şirkət qurmaq üçün komplayens prinsiplərinə əməl olunması mütləqdir. Komplayens mədəniyyəti və rəqabət olmadıqda, həmin subyektlərin iqtisadiyyatda iştirakı da azalır”, - deyə o qeyd edib.

Şöbə müdiri əlavə edib ki, komplayens həm də iqtisadi dəyər yaradan və kapitalın formalaşmasına töhfə verən amildir. Şirkət daxilində səhmdarlar, təsisçilər və əməkdaşlar arasında münasibətlər nə qədər düzgün və ədalətli qurularsa, müəssisənin ümumi dəyərinin artması üçün bir o qədər əlverişli şərait yaranar.

O vurğulayıb ki, komplayensə yalnız hüquqi öhdəlik kimi deyil, şirkətin dayanıqlı inkişafına, şəffaflığına və uzunmüddətli dəyərinin artmasına xidmət edən strateji yanaşma kimi baxılmalıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti